Kataloniyalı separatistlər İspaniyadan ayrılmağla bağlı qanun hazırlayıblar.
Abzas.net xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb. Kataloniyanın İspaniyanın tərkibindən çıxması ilə bağlı referendumda müstəqilliyin tərəfdarları qalib gəlsə, qanun dərhal qüvvəyə minəcək.
"Together for yes" koalisiyası və "CUP" partiyası birinci gün Kataloniya parlamentində qanun layihəsini təqdim ediblər. Bu qanunun köməyi ilə onlar müstəqilliyi əldə etmək istəyirlər.
"El Pais"-in məlumatına görə, onlar bu qanunu referendumun keçiriləcəyi 1 oktyabr tarixinədək qəbul etmək niyyətindədirlər. Referendumda müstəqilliyin tərəfdarları qalib gələcəyi təqdirdə qanun dərhal qüvvəyə minəcək və Kataloniyanın "Əsas Qanunu" statusunu daşıyacaq.
89 bənddən ibarət olan sənəd, referendumla Kataloniyanın konstitusiyasının təsdiqlənəcəcəyi dövr arasında qanunveriliciyə riayət olunması məqsədilə hazırlanıb.
Sənəddə həmçinin, müstəqil Kataloniyanın Avropa İttifaqının üzvü olaraq qalacağı da öz əksini tapıb.
"Kataloniya milli kimliyi ispan milli kimliyindən imtinanı tələb etmir", - deyə sənəddə qeyd olunub.
Sənəd qüvvəyə mindiyi andan etibarən, Kataloniya Ali Məhkəməsi İspaniyanın məhkəmə orqanlarından müstəqil şəkildə fəaliyyət göstərəcək. Müstəqil respublikanın rəsmi dilləri katalon, ispan və aran dilləri ola bilər.
6 oktyabr 2016-cı ildə, Kataloniya parlamenti referendumun keçirilməsi ilə bağlı qətnaməni qəbul etsə də, Konstitusiya Məhkəməsi bu qərarı ləğv etdi. Buna baxmayaraq, Kataloniya muxtariyyatının rəhbəri Carles Puchdemon 1 oktyabr 2017-ci il tarixində referendumun keçiriləcəyini bəyan edib.