Kanadanın “Bombardier” şirkətinin İsveç filialının satış direktoru, Rusiya vətəndaşı olan Yevgeni Pavlov rüşvət verməkdə ittiham olunur. Təqsiri sübut olunacağı təqdirdə onu 6 il həbs və deportasiya gözləyir.
İsveçli prokuror Tomas Forsverq bildirib ki, Yevgeni Pavlov dəmir yolu siqnalizasiyaları ilə bağlı 340 milyon dollarlıq sövdələşmənin baş tutması üçün Azərbaycan məmurlarına rüşvət verib.
Xatırladaq ki, bir neçə ay əvvəl İsveç polisi “Bombardier” korporasiyasının işçisini korrupsiyada şübhəli bilərək saxlayıb, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilib.
Azadlıq qəzeti xəbər verir ki, məhkəmə sənədlərinə görə, “Bombardier”-in satış direktoru Rusiya vətəndaşı olan Yevgeni Pavlov ağırlaşdırılmış rüşvətdə şübhəli bilinir.
Söhbət 46 stansiya üçün dəmir yolu siqnalizasiyalarından gedir. Məhkəmə sənədlərinə görə, avadanlıqlar birbaşa Azərbaycana göndərilib, pullar isə dolayı yola London firması vasitəsilə ödənilib.
Nəticədə siqnalizasiyaların satışı barədə sövdələşmə iki kontrakla rəsmiləşdirilib. Birinci kontraktla avadanlıqlar 126 milyon krona (19 milyon dollar) nə ofisi, nə telefonu, nə də işçiləri olan “Multiserv Overseas”-ə satılıb. Sonra həmin bu London firması siqnalizasiyaları 695 milyon krona (104 milyon dollar) Azərbaycana satıb. Belə olduğu halda, avadanlıqların yekun dəyəri İsveç Azərbaycan yolunda 5.5 dəfə artıb.
İsveç prokurorluğunun versiyasına görə, Azərbaycan məmurları dəmir yolu siqnalizasiyaları ilə bağlı sövdələşmənin baş tutması üçün “Bombardier”-dən rüşvət alıblar. Hüquq-mühafizə orqanları diqqətə çatdırır ki, 2013-cü ildə keçirilən tenderdə daha ucuz qiymətlər təklif edən başqa kompaniyalar da iştirak edib, amma kontrakt “Bombardier”-lə bağlanıb.