İsrail bildirir ki, qərargahı Qətərdə olan «Al-Jazeera» televiziyasının fəaliyyətini dayandıracaq. Təl-Əviv şəbəkəni zorakılığı qızışdırmaqda suçlayır.
Bu açıqlama avqustun 6-da verilib. Daha öncə isə bir neçə ərəb ölkəsi «Al-Jazeera»nin ofislərini bağlayıb.
İsrailin kommunikasiya naziri Ayoob Kara deyib ki, «Al-Jazeera» jurnalistlərinin pres-kartlarını ləğv etməyi planlaşdırır. Bu halda onların ölkədə işi qadağan olunacaq, Qüdsdəki ofislərini isə bağlamalı olacaqlar.
QEYRİ-DEMOKRATİK ADDIMDIR
Nazirin sözlərinə görə, kabel və peyk provayderlərindən xahiş edib ki, Dohada mənzillənən televiziya şəbəkəsinin yayımını dayandırsınlar.
««Al-Jazeera» DAEŞ-in («İslam Dövləti» silahlı qruplaşması), «Həmas»ın, «Hizbullah»ın və İranın əsas alətinə çevrilib», – nazir Ayoob Kara mətbuat konfransında söyləyib, amma bu addımların nə vaxt atılacağını bildirməyib.
«Al-Jazeera» bunu «qeyri-demokratik» addım kimi pisləyib və hüquqi tədbirlərə əl atacağını bildirib. Televiziya Qəzzə zolağında və İordan çayının Qərb sahilində işini davam etdirəcəyini vurğulayıb.
İsrail və Fələstin torpağındakı jurnalistləri təmsil edən Xarici Mətbuat Assosiasiyası İsrailin addımının narahatlığa əsas verdiyini vurğulayıb.
ZORAKILIĞI QIZIŞDIRIR
İyulun 14-də Şərqi Qüdsdəki əl-Aqsa məscidinə hücumda iki polis öldürüləndən sonra İsrail hökumətiylə «Al-Jazeera» arasında gərginlik artıb. Məsciddə təhlükəsizlik tədbirləri görüləndən etirazlar qızışıb, bir neçə fələstinli və israilli öldürülüb.
İyulun 26-da İsrailin baş naziri Benjamin Netanyahu «Al-Jazeera»ni zorakılığı qızışdırmaqda suçlayıb və televiziyanı İsraildən çıxarmaq istədiyini bildirib.
««Al-Jazeera» şəbəkəsi Dağ Məbədi (İsraildə əl-Aqsa məscidinə belə deyirlər) ətrafında zorakılığı qızışdırmaqda davam edir», – Netanyahu Facebook-da yazır.
Qətər hökumətinin maliyyələşdirdiyi televiziyanın bir sıra ərəb ölkələrində işi məhdudlaşdırılıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn televiziyanı qadağan edib. Bu ölkələr Qətərlə diplomatik və kommersiya əlaqələrini kəsiblər, Dohanın qlobal terrorçuluğu maliyyələşdirdiyini, İranla sıx əlaqələr saxladığını deyirlər.
Onlar Qətərə bir sıra tələblər irəli sürmüşdülər, biri də «Al-Jazeera»nin bağlanması idi.
Qətər ittihamları rədd edir.