İşçi Qrup siyasi məhbuslarla bağlı yenilənmiş siyahı yaydı [158 nəfər]

İşçi Qrup siyasi məhbuslarla bağlı yenilənmiş siyahı yaydı [158 nəfər]
28 Avqust 2017
Mətni dəyiş

"Azərbaycanın siyasi məhbusları –  rəqəmlər artır, repressiyaları durduracaq adekvat reaksiya isə yoxdur"

Abzas.net xəbər verir ki, Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahını təqdim edib.

İşçi Qrup 28 avqusta 2017-ci ilə qədər daxil olmuş və qrup üzvlərinin təşəbbüsü ilə təqdim olunmuş həbs işlərini araşdıraraq, yenilənmiş siyahını ictimaiyyətə təqdim edir.

Hazırkı yenilənmiş variantda siyahıda 160 siyasi məhbusun adı var. Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İQ 158 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb. İki iş hələ də müşahidə altındadır, belə ki, İQ həmin işlərlə bağlı düzgün qərar vermək üçün müfəssəl məlumat və sənədlər əldə edə bilməyib.

Təsbit edilmiş 158 siyasi məhbusdan 10-u jurnalistlər və blogerlər, ikisi şair və yazıçı, biri hüquq müdafiəçisi, 11-i siyasi və ictimai fəal, 97-si  inanclı fəal, üçü isə ömürlük məhbuslardır. Daha sonra siyahıya sosial etirazlarda iştirak etdiyi üçün həbs edilən 19 nəfər, iki keçmiş dövlət qulluqçusu daxil edilib.

Siyahıdakı Siyasi Girovlar bölümündə üç nəfərin işindən bəhs ediir. Bunlar, tənqidçi qohumlarına təsir göstərmək, yaxud cəzalandırmaq üçün həbs edilən şəxslərdir. Daha on məhbus Səid Dadaşbəyli və digərlərinin işi üzrə həbs olunanlardır ki, İşçi Qrup onları da siyasi məhbus hesab edir.

Tam siyahı və işlər barədə ayrıntılı məlumatı “Vahid Siyasi Məhbus Siyahısı” hesabatında bu linkdən oxuya bilərsiniz.

İşçi Qrup siyahının yenilənməsi, müşahidə altında olan və yeni işlərin araşdırılması üzrə işi davam etdirir.

Beynəlxalq İctimaiyyət davam edən repressiyalara reaksiya verməlidir

Təəssüf ki, Azərbaycanın siyasi məhbəs karuseli işini davam etdirir. İşçi Qrup təəssüflə qeyd edir ki, siyasi motivli həbslərin nəinki araası kəsilmir, hökumət repressiya siyasətindən əl çəkməyəcəyini açıq nümayiş etdirir.

Yenilənmiş rəqəmləri və işləri yerli və beynəlxalq qurumlara təqdim etməklə bərabər İşçi Qrup dünya ictimaiyyətini məsələnin effektiv həlli üçün səylərini artırmağa çağırır.

İşçi Qrup BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara tutaraq tələb edir: İnsan haqları və demokratiya məsələsinin avtoritar Azərbaycan Hökuməti ilə danışıqlarda və işbirliyində alver predmeti kimi istifadə edilməsi, həmin Hökumətin uzun illərdir vətəndaş cəmiyyətinə qarşı həyata keçirdiyi repressiyalara göz yuman siyasətinə son qoyulmalıdır.

İşçi Qrup həmçinin Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsinə ünvanlanaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edir. Bu laqeydlik ölkədəki repressiv reşimi vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir.

İşçi Qrup ABŞ və Avropa Birliyi ölkələri hökumətlərinə səslənərək, onları Azərbaycanda insan haqlarına qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyaları tətbiq etməyə çağırır.

Vahid Siyasi Məhbus Siyahısı nədir?

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.

Yenilənmiş Siyahı İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər, məhkəmə proseslərinin monitorinqi əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib. Həbsin siyasi motivli olması həbs barədə məhkəmə qərarlarından, o cümlədən hüquq-mühafizə orqanlarının bəyanatlarından, dövlət rəsmilərinin çıxışlarından aşkar göründüyü halda, İşçi Qrupun mahiyyət üzrə məhkəmə qərarlarını gözləmədən də şəxsin siyasi məhbus sayılması barədə qərar qəbul etdiyi hallar da olur.

Qrup ölkədəki siyasi məhbusların sayının süni olaraq şişirdilməsi barədə irad və ittihamları qəbul etmir və bir daha vurğulayır ki, bütün hallarda şəxsin siyasi məhbus sayılması barədə qərar verərəkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanır. İradlar varsa da, onlar siyahı müəlliflərinə yox, baxışlarına görə insanları həbsə atan hakimiyyətə yönəlməlidir. Qrup həmçinin təəssüflə vurğulamağı vacib sayır ki, ölkədə siyasi məhbusların sayının qat-qat çox olduğu fikrini bölüşür.

İşçi Qrup Siyahı üzərində iş zamanı onunla əməkdaşlıq edən bütün şəxslərə, xüsusilə də son dövrlərin siyasi proseslərinin yükünü öz çiyinlərinə almış dəyərli vəkillərimizə xüsusi minnətdarlığını bildirir.

Əlavə suallarınız olarsa, siyahının hazırlanması üzrə İşçi Qrupun koordinatorları Rəsul Cəfərov və İntiqam Əliyevə müraciət edə bilərsiniz. ([email protected], [email protected]).

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup The Working Group on Unified List Of Political Prisoners

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun