"Bir qarışıqlıq yaradıb səni ortadan götürəcəyik"
13 saylı Cəzaçəkmə müəssisəsinin yeni təyin olunmuş rəisi müavini Elçin Əlicanov Nida Vətəndaş Hərəkatının üzvü - siyasi məhbus İlkin Rüstəmzadəni ölümlə hədələyib.
Abzas.net xəbər verir ki, bu barədə İlkin Rüstəmzadənin anası Atlas Hüseynova məlumat yayıb.
Onun sözlərinə görə, rəis müavini Elçin Əlicanov deyib ki, səni heç Avropadan gələn komissarlar da əlimdən ala bilməyəcək, bir qarışıqlıq yaradıb səni aradan götürəcəyik.
"Bu gün 13 nömrəli CÇM-ə getmişdik. Orda vəziyyət yaxşı deyil. Təzə təyin olunmuş rəis müavini Elçin Əlicanov özünü hakimi-mütləq elan edib. İstədiyini döydürür, söydürür, təhdid edir, ölümlə hədələyir. İlkini də təhdid edib, ölümlə hədələyib. Deyib ki, bir qarışıqlıq yaradıb səni aradan götürəcəm. Səni heç Avropadan gələn homoseksual komissarlar da mənim əlimdən ala bilməz" - deyə Siyasi məhbusun anası bildirib.
"Mən burdan bütün mediaya, hüquq müdafiəçilərinə, siyasi partiya rəhbərlərinə, Ədliyyə nazirliyinə, Penitensiar xidmətin rəhbərliyinə səslənirəm"
Atlas Hüseynova bu biryabırçılıqın dayandırılmasını tələb edib.
"Mən başa düşə bilmirəm bu adam KİMdir? Özünü kim hesab edir? Ola bilsin oturduğu kreslo onda hegemonluq iddiasi yaradıb. Amma vəzifə at kimi bir şeydir. Hamı minə bilər. Bu gün o kreslo, əynindəki mundir olmasa adi adamlardan birisən. Özü də cəmiyyət tərəfindən qəbul edilməyən, salama belə layiq olan adamlardan biri. Mən burdan bütün mediaya, hüquq müdafiəçilərinə, siyasi partiya rəhbərlərinə, Ədliyyə nazirliyinə, Penitensiar xidmətin rəhbərliyinə səslənirəm. Bu biyabrçılığa aidiyyatı olan qurumlar son qoymalıdır" - deyə A.Hüseynova bildirib
Atlas Hüseynova bildirib ki, Elçin Əlicanovun işi məhbusların təhlükəsizliyini təmin etməkdir.
"Elçin Əlicanov, siz deyəsən öz səlahiyyətlərinizi bilmirsiz. Mən bilən sizin vəzifəniz ümumi qayda-qanuna nəzarət etmək, məhbusların təhlükəsizliyinə nail olmaq, asayişi qorumaqdır. Siz isə sanki ora killer kimi göndərilmisiz. Bilmirəm, sizin bu hərəkətiniz ya siyasi sifarişdir, ya da özünü göstərmək, ad çıxarmaqdır. Hər iki halda zərərlidir. Hamı bilir ki, İlkin cinayətkar deyil, ölkəsinin, ölkə prezidentinin də şəxsi düşməni deyil. Siz utanmadan şər atır və öyünürsüz ki, hara şikayət etsən heç kim məni qoyub sənə inanmaz. Siz bu qədərmi özünüzdən razısınız? Qanunlar sizin üçün önəm daşımır? Bəs hüquqi dövlət anlayışı harda qaldı? Siz məmursuz. Məmur isə xalqına xidmət etməlidir. Ordakı məhbuslar cinayətkar da olsalar(söz gəlişi) cəzalarını çəkirlər. Elçin Əlicanov siz orda İlkinin təhlükəsizliyinə(xüsusilə dediyiniz sözlərdən sonra) başınızla cavabdehsiniz. Bunu unutmayın!" - deyə Siyasi məhbusun anası bildirib.
"O, İlkini hədələyib ki, sən prezidenti söymüsən və buradan salamat çıxmayacaqsan"
Bu məlumatı isə, Milli Şuranın sədri Cəmil Həsənli yayıb.
O bildirib ki, Mehman Qələndərovun müəmmalı intiharı, Abbas Hüseynin çarmıxa çəkilməsindən sonra Azərbaycan həbsxanalarında hər şey baş verə bilər.
"Siyasi məhbus İlkin RÜstəmzadənin həyatı təhlükədədir. İndicə onun 13 saylı cəzaçəkmə müəssisəndə təhdid olunması haqqında məlumat aldım. İlkinin atası Bəkir Rüstəmzadə zəng etmişdi, onunla görüşdən gəldiyini dedi. O, İlkinin sözlərinə istinadən bildirdi ki, 13 saylı cəzaçəkmə müəssisəsinə Elçin Əlicanov adlı yeni rəis müavini təyin edilib. Əvvəllər bu adam 2 və 17 saylı cəzaçəkmə müəssisələrində işləyib. Bəkir müəllimin sözlərinə görə Əlicanov İlkini təhdid etməklə öz vəzifəsinin icrasına başlayıb. O, İlkini hədələyib ki, sən prezidenti söymüsən və buradan salamat çıxmayacaqsan. Doğrusu, Mehman Qələndərovun müəmmalı intiharı, Abbas Hüseynin çarmıxa çəkilməsindən sonra Azərbaycan həbsxanalarında hər şey baş verə bilər" - deyə Cəmil Həsənli bildirib.
Məsələ ilə bağlı, Nida Vətəndaş Hərəkatı da bəyanat yayıb.
"NİDA Vətəndaş Hərəkatı bütün yerli və beynəlxalq ictimaiyyəti İlkin Rüstəmzadənin aktiv müdafiəsinə çağırıb və bildirib ki, yalnız aktiv müdafiə İlkinin həbsxanada provokasiyalardan qoruya bilə"
"Nidaçı siyasi məhbus İlkin Rüstəmzadəyə qarşı təzyiqlər davam edir. Bu gün İlkinin atası Bakir Rüstəmzadə İlkinin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Görüş zamanı Ilkin bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsinin yeni təyin olunmuş rəis müavini Elçin Əlicanov İlkini açıq şəkildə ölümlə təhdid edib. NİDA Vətəndaş Hərəkatı olaraq bildiririk ki, həbsxanalarda İlkin Rüstəmzadə və digər siyasi məhbusların başına gələ biləcək istənilən hadisəyə görə İlham Əliyev başda olmaqla hazırki siyasi hakimiyyət məsuliyyət daşıyır. Son vaxtlar Mehman Qələndərovun müəmmalı ölümü, Abbas Hüseyn və digər nidaçı siyasi məhbus Qiyas İbrahimovun işgəncəyə məruz qalması həbsxanalardakı vəziyyətlə bağlı bizim narahatlığımızı artırır. NİDA Vətəndaş Hərəkatı bütün yerli və beynəlxalq ictimaiyyəti İlkin Rüstəmzadənin aktiv müdafiəsinə çağırır və bildirir ki, yalnız aktiv müdafiə İlkinin həbsxanada provokasiyalardan qoruya bilər. NİDA Vətəndaş Hərəkatı hakimiyyəti İlkin Rüstəmzadə və digər siyasi məhbusları ən qısa zaman ərzində həbsdən azad edərək ölkədə gərginliyi azaltmağa çağırır" - deyə bəyanatda qeyd olunub.