Hüquq müdafiəçiləri "Turan"la bağlı Əliyevlərə müraciət edib

Hüquq müdafiəçiləri "Turan"la bağlı Əliyevlərə müraciət edib
21 Avqust 2017
Mətni dəyiş

Bəzi hüquq müdafiəçiləri «Turan» İnformasiya Agentliyinə cinayət işi açılması ilə bağlı prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müraciətdə ölkə başçısından və Birinci vitse-prezidentdən agentliyin üzləşdiyi problemi diqqətdə saxlamaları xahiş edilir.

Hüquq müdafiəçiləri vurğulayıblar ki, «Turan» həm doğru xəbər ünvanıdır, həm də Azərbaycanla bağlı analitik məqalə və icmalların hazırlanmasında xüsusi rola malikdir.

«Azərbaycanla bağlı məlumat axtarışında olan bütün beynəlxalq informasiya mərkəzləri, rəsmi dövlət, hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar və dünyamiqyaslı şirkətlərin nümayəndəlikləri «Turan»ın bülletenlərinin oxucusudur», - müraciətdə yazılır.

Müəlliflər Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin agentliyin fəaliyyətini yoxlamağa başlamasından, cinayət işi açılmasından bəhs edirlər.

«Azərbaycanda mətbuat işçilərinin sosial problemlərinin həll olunması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü hüquq müdafiəçiləri kimi yüksək dəyərləndiririk. Yaxşı xatırlayırıq ki, sizin təşəbbüsünüz ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Buna baxmayaraq, diqqətinizi vergi orqanlarının Azərbaycanda ən nüfuzlu agentlikdə yoxlamalara başlamasına və faktiki fəaliyyət üçün maneələrin yaranmasına çəkmək istəyirik», - hüquq müdafiəçiləri qeyd ediblər.

Onlar ölkə başçısından, Birinci vitse-prezidentdən xahiş ediblər ki, «Turan» İnformasiya Agentliyinə normal iş şəraitinin yaradılması və vergi yoxlamalarının aparılması prosesini nəzarətə götürsünlər.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və Əvəz Həsənov imzalayıb.

XATIRLATMA

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq «Turan» agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

M.Əliyev həmçinin vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun