Bir qrup yerli hüquq müdafiəçisi "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət edib.
Onlar, bu həbsin Azərbaycanın beynəlxalq aləmdə tənqid edilməsinə səbəb olduğunu bildiriblər.
"İstintaq davam etdiyi müddətdə Mehman Əliyevin tələsik həbs edilməsi və yetərli sübutların olmaması xaricdə Azərbaycanın tənqidinə səbəb olub".
Müraciətdə M.Əliyevin həbsdən azad edilməsinə ölkə başçısının yardımçı olması xahiş edilir.
Sənəddə qeyd edilir ki, Vergilər Nazirliyinin "Turan" agentliyi ilə bağlı cinayət araşdırması nəticəsində agentliyin direktoru, Azərbaycanda çağdaş jurnalistikanın inkişafında mühüm xidmətləri olan M.Əliyev həbs olunub:
""Cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" prezidentin sərəncamına uyğun olaraq, istintaq dövründə M.Əliyev azadlıqda qala bilər".
Hüquq müdafiəçiləri dövlət başçısından humanistlik göstərərək, istintaq dövründə M.Əliyevin zaminə buraxılmasına yardımçı olmağı xahiş edirlər.
Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Zəlihə Tahirova və Eldar Zeynalov imzalayıblar.
M.Əliyev saxlandıqdan sonra Mətbuat Şurası da prezidentə müraciət etmişdi. Həmin müraciətdə prezidentdən xahiş edilirdi ki, M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyini əsirgəməsin.
Avqustun 29-da isə bir qrup jurnalist də M.Əliyevin azadlığa buraxılmasından ötrü ölkə başçısından yardım istəmişdi.
XATIRLATMA
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Turan" İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.
Vergilər Nazirliyi avqustun 8-də "Turan" agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
"Turan" İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də isə "Turan" İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar "Turan" İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.
Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə "Turan" İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.