Gənc fəalların təşkil etdiyi "Azad et" kampaniyası avqustun 30-da yekunlaşıb və təşkilatçılar kampaniya ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycanda siyasi məhbus problemi həllini tapmayıb, əksinə, siyasi opponentlərə, jurnalistlərə və fəallara qarşı təqiblər durmadan artır.
Abzas.net xəbər verir ki, siyasi məhbuslarla bağlı işçi qrupların hesabatına görə, Azərbaycanda siyasi məhbusların sayı 160-ı keçib.
Kampaniyanın bəyanatında deyilir ki, siyasi məhbus sayına görə Azərbaycanda diktatura rejimli ölkələrin sırasında yer alır.
Mediaya təzyiqlər pik həddə çatıb"Ölkədə media nümayəndələrinə qarşı təzyiqlər pik həddə çatıb. “Turan” İnformasiya Agentliyin direktoru Mehman Əliyevin həbsi bunun bariz nümünəsidir. Nüfuzlu redaktorun iqtisadi cinayətlərdə (vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətdən sui-istifadə etmə) ittiham etməsi absurddu və siyasi sifarişdir.
Tanınmış bloqqer Mehman Hüseynov saxta ittihamlarla 2 il, “Azadlıq” qəzetin direktoru Faiq Əmirli 3 il 3 ay, jurnalistlər Seymur Həzi 5 il, Nicat Əliyev 10 il, Rəşad Ramazanov 9 il, Araz Quliyev 8 il, Fikrət Fərəməzoğlu 7 il, Əfqan Sadıqov – 2 il 6 ay, Cavid Şirəliyev 5 il azadlıqdan məhrum ediliblər, jurnalistlər Əfqan Muxtarlı, Əziz Orucov və Elçin İsmayıllı barəsində həbs qətimkan tədbiri seçilib. məhbus həyatı yaşayırlar. Onlardan başqa hazırda şair və yazarlar da həbsdədirlər".
Hökumət müstəqil və müxalif fikrə dözümsüzlük nümayiş etdirirSənədə görə, təşkilatçılar təəssüflə bildirir ki, hakimiyyət gənc müxalif fikirli fəallara və siyasi opponentlərə qarşı da dözümsüzlük nümayiş etdirir.
"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib. NİDA Vətəndaş Hərəkatının gənc fəalı İlkin Rüstəmzadə 5-ci ildir məhbus həyatı yaşayır. Hərəkatın digər üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov esk-prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqları üçün ağır işgəncələrə məruz qalıblar və saxta narkotik maddə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Avropa İnsan Hüquqları Məhkəməsinin barəsində dərhal azad edilmə qərara baxmayaraq Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri İlqar Məmmədov hələ də həbsdə saxlanılır. AXCP sədr müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, həmçinin müşaviri Məmməd İbrahim də daxil olmaqla 10-dan çox üzvü azadlıqdan məhrum edilib".
Siyasi məhbuslara qarşı təzyiqlər və işgəncələr hələ də davam edirSənəddə deyilir ki, Azərbaycan hakimiyyəti dindar fəallara qarşı, xüsusən son bir neçə il ərzində hakimiyyətin ən yuxarı eşelonların apardığı siyasətini sərt tənqid edən Tale Bağırzadə və onun rəhbərlik etdyi “Müsəlman Hərəkatı” Birliyinin üzvləri həbs edilib, amansız işgəncələrə məruz qalıb və ən ağır ittihamlarla mühakimə edilirlər. Onlara qarşı təzyiqlər və işgəncələr hələ də davam edir.
Bəyanatda bildirilir ki, bütün bunları nəzərə alaraq, fəal gənclər sosial şəbəkələrdə “Azad et" kampaniyası təşkil etdi.
Siyasi məhbusları azadlığa buraxmaq tələb olunur"Kampaniya siyasi məhbusların probleminə diqqət çəkmək məqsədini daşıyır və 3 gün ərzndə twitter və facebookda xeyli istifadəçi aksiyaya qoşulub. Kampaniya ən effektiv formalarla siyasi məhbuslar problemi həll olunana qədər davam edəcək. Təşkilatçılar yerli və beynəlxalq ictimaiyyəti siyasi məhbusların azadlığa buraxılması istiqamətində səylərini artırmağa və Azərbaycan hakimiyyəti qarşısında bu problemi qaldırmağa çağırır".
Təşkilatçılar ölkə siyasi qüvvələrini, hüquq müdafiəçilərini, gənc aktivistləri siyasi məhbusların müdafiə işində uğurlu müdafiə və dəstək formalarının tapılması və tətbiqində ardıcıl olmağa cağırır.
"Azad et" kampaniyasının təşkilatçıları Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusları dərhal azadlığa buraxılmasını tələb edir.