Həbsdə olan nidaçı Elgiz Qəhrəman bəraət istəyir

Həbsdə olan nidaçı Elgiz Qəhrəman bəraət istəyir
23 Avqust 2017
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Abzas.net xəbər verir ki, gənc fəalın vəkili Fariz Namazlı Azadlıq Radiosuna belə deyib.

Vəkil bildirib ki, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin E.Qəhrəman haqqında qərarının ləğvi, gənc fəalın cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi istənilir.

Vəkil şikayətdə narkotik ittihamı ilə 5.6 müddətinə azadlıqdan məhrum edilən Elgiz Qəhrəmanın əslində "Facebook" səhifəsində yazdığı statusa görə həbs edildiyini qeyd edib:

«Elgiz Qəhrəman 2016-cı il sentyabrın 26-da YAP sədrinin müavini Əli Əhmədovun Şah İsmayıl Xətainin 14 yaşında dövlət başçısı olması haqda Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum öncəsi dediklərini özünün Facebook səhifəsində paylaşmışdı. Sadəcə, belə bir əlavəsi olmuşdu: «özü yox, ömrü oxşasın».

Elgiz Qəhrəman bu tənqidi statusundan sonra həbs olunub. Onun beş nəfər mülkigeyimli şəxs tərəfindən saxlanarkən, tutulmasının səbəbi izah olunmayıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, yaxınlarına onun yeri haqda heç bir məlumat verilməyib».

Xatırlatma

Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.
Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun