AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılması ilə bağlı bu gün məhkəmə keçirilib.
Abzas.net xəbər verir ki, proses Nəsimi Rayon Məhkəməsində baş tutub. Baş Prokurorluq Gözəl Bayramlı və Əfqan Muxtarlının barəsində həbs müddətinin artırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət edib.
Həbs müddətinin uzadılması barədə təqdimata Nəsimi Rayon məhkəməsində hakim Babək Pənahov baxıb.
G.Bayramlının və Ə.Muxtarlının həbs müddətini istintaq dövrü üçün uzatmaq barədə məhkəməyə Baş Proqkurorluq təqdimat verib. Təqdimata hakim Babək Pənahov baxıb.
Məhkəmədə təqsirləndirilən şəxsləri vəkillər Elçin Sadıqov və Nemət Kərimli təmsil edib.
Vəkil E.Sadıqov prokurorluğun təqdimatına qarşı çıxıb. O, deyib ki, hər iki təqsirləndirilən şəxsin səhhətində ciddi problemlər var. Vəkil həmçinin bildirib ki, istintaq dövründə G.Bayramlı və Ə.Muxtarlının həbsdə tutulmasından ötrü qanunvericilikdə təsbit edilən əsaslar da mövcud deyil.
Ancaq prokurorluq nümayəndəsi vəkillərin arqumentlərinin əsaslı olmadığını bildirib. O, iddia edib ki, təqsirləndirilən şəxslər istintaq dövründə həbsdə saxlanılmazsa, istintaqın obyektiv aparılmasına maneə yarada bilərlər.
Məhkəmə prokurorluq nümayəndəsinin iddiasını əsaslı sayaraq, G.Bayramlı və Ə.Muxtarlının həbs müddətini 2 ay uzadıb.
XatırlatmaGözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.
Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib.
Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.
Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.
Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.
Mayın 31-i Səbail rayon məhkəməsi Əfqan Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri seçib.