Fransa Konstitusiya Şurası terrorizmdə şübhəli bilinənlərin qohumlarının izlənilməsinin qanuna uyğun olmadığını bildirərək izləməni qadağan edib. Bu barədə AFP məlumat yayıb.
Abzas.net xəbər verir ki, izlənmə ilə bağlı qərar 21 iyul 2016-ci ildə parlament tərəfindən qəbul olunmuş qanun və 2015-ci ildə kəşfiyyat haqda qanuna bəzi əlavələri özündə birləşdirirdi. Xüsusilə, terror aktı törətməkdə şübhəli bilinən insanların yaxınları və qohumlarının elektron vasitələrin köməyi ilə izlənilməsinə icazə verilirdi.
Konstitusiya Şurası Fransada fövqəladə vəziyyətin daha 4 ay müddətinə uzadılmasının qanuniliyini təsdiqləyib. Lakin bununla bərabər, izlənmə ilə bağlı müddəaların "şəxsi həyatın toxunulmazlığı" konstitusiya hüququnun pozulması kimi qiymətləndirib.
Bu məsələ ilə bağlı Konstitusiya Şurasına ərizəni 3 hüquq-müdafiə və ictimai təşkilat yazıb: "La Quadrature du Net", "French Data Network" və "Federation des fournisseurs d'acces a internet associatif".
Ərizədə qeyd olunurdu ki, qanunun yeni vəziyyəti mahiyyət etibarilə "vətəndaşların kütləvi izlənməsinə" şərait yaradırdı və on minlərlə, hətta yüz minlərlə insanın həyatına nəzarət anlamına gəlirdi.
Məlumata görə, hal-hazırda Fransa polisinin data bazasında terrora meyillilikdə şübhəli bilinən təxminən 11.7 min insan var.