Faiq Əmirlinin apellyasiya məhkəməsi başlayıb

Faiq Əmirlinin apellyasiya məhkəməsi başlayıb
31 Avqust 2017
Mətni dəyiş

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin apellyasiya məhkəməsi başlayıb.

Onun 3 il 3 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş apellyasiya şikayəti üzrə avqustun 31-də ilkin baxış iclası keçirilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İlkin baxış iclasında F.Əmirli həbs olunduğu gündən onun vəkili olan Aqil Layıcovun müdafiəçi kimi iştirakına imkan verilməyib. Hakim deyib ki, Layıcov apellyasiya məhkəməsi üçün ayrıca order verməyib.

Vəkil isə bildirib ki, iş materiallarında onun orderi var və həmin sənəd bütün instansiyalar üçün keçərlidir:

"Sizin tələbinizin hüquqi əsası yoxdur. Qanunda yazılmayıb ki, apellyasiya məhkəməsi üçün ayrıca order verilməlidir".

"İTTİHAMLARIN FAİQ ƏMİRLİYƏ AİDİYYƏTİ YOXDUR"

Digər vəkil Fəxrəddin Mehdiyev ilkin baxış iclasında bir neçə vəsatət qaldırıb. Birinci vəsatət F.Əmirli haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Vəkil deyib ki, F.Əmirli müsbət xarakterizə olunur, ictimai nüfuzu var, ailəlidir, iki övladı, daimi yaşayış yeri var:

"Ən əsası, səhhətində ciddi problemlər var, qaraciyər və öd xəstəliklərindən əziyyət çəkir. Həbsdə saxlanması xroniki xəstəliyi daha da kəskinləşdirib. Son vaxtlar qaraciyər nahiyəsində şişlər əmələ gəlib. Faiq Əmirliyə verilən ittiham da az ağır cinayətlər kateqoriyasına aiddir. O ittihamların da Faiq Əmirliyə aidiyyəti yoxdur. Bu iş sifarişlidir, qərəzlidir. Faiq Əmirli siyasi baxışlarına görə həbs olunub".

İkinci vəsatətində vəkil apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılmasını istəyib. Vəkil deyib ki, F.Əmirlinin maşınından özünün iştirak etmədiyi axtarış nəticəsində Fethullah Gülen-ə aid disklər, kitablar tapıldığı iddia olunur. Amma axtarış protokolunda hal şahidi kimi imzası olan adamlar məhkəmədə dindirilməyib, müdafiə tərəfinin bu haqda vəsatəti təmin olunmayıb.

"İttiham aktında yazılıb ki, guya axtarış zamanı təhlükəsizlik xidmətinin əməkdaşları AXCP üzvü Fuad Əhmədlinin evindən Gülen qrupuna aid şəxslərin siyahısını tapıb, orada Faiq Əmirlinin də adı olub. Sonradan Fuada (AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib) Gülen-ə aid ittiham verilmədi, Faiqin işində isə bu məsələ qaldı. Ona görə vəsatət qaldırdıq ki, Fuad Əhmədli dindirilsin, görək belə bir siyahı həqiqətən olubmu? Orada Faiqin adı olubmu? Birinci instansiya məhkəməsi təmin etmədi. Əgər siz Gülen ittihamı ilə bağlı həqiqətən araşdırma aparmaq istəyirsinizsə, bu adamlar mütləq dindirilməlidir", - F.Mehdiyev belə deyib.

TƏKRAR EKSPERTİZA KEÇİRİLSİN

Vəkil həmçinin, «Azadlıq» qəzetinə görə hesablanmış vergi borcu ilə əlaqədar təkrar ekspertiza keçirilməsini istəyib. Deyib ki, istintaq dövründə keçirilmiş ekspertiza qəzetin satış qiymətini tam gəlir kimi götürüb, ona vergi hesablayıb:

"Halbuki, satış qiymətinin 35-40 faizi yayım şirkətlərinə qalır. Qəzetin çap xərcləri var. Bu hal nəzərə alınmayıb".

F.Mehdiyevin sonuncu vəsatəti müdafiə etdiyi şəxsin vəkillərinin yanında əyləşməsinə icazə verilməsi haqda olub. Çünki bu gün F.Əmirli şüşə kabinədə olan mikrofondakı nasazlığa görə oradan çıxarılsa da, əlləri qandallı şəkildə saxlanılıb:

"Müdafiə ilə əlaqədar yanımızda əyləşməsi məqsədəuyğundur. Çünki tez-tez məsləhətləşmək zərurəti yaranır. Birinci instansiya məhkəməsi işin mahiyyəti ilə bağlı vəsatətlərimizi təmin etməsə də, bu vəsatətimizi təmin etmişdi".

Hakimlər qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını elan edib. Qərara əsasən, şikayətə məhkəmə istintaqı aparılmadan baxılacaq. Məhkəmə baxışı sentyabrın 14-nə təyin olunub.

XATIRLATMA

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Əmirliyə yeni ağır ittihamlar irəli sürüldü. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

O, 3 il 3 ay azadlıqdan məhrum edilib.

"AXCP" F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun