Cümə günü Tbilisi Şəhər Məhkəməsində "Lanset" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edib.
Prokurorluğun əvvəlki nümayəndəsi məzuniyyətə çıxdığından iclas zamanı dövlət ittihamçısı başqası ilə əvəzlənib.
Hakimin "müttəhim dövlət ittihamçısının əvəzlənməsinə etiraz edirmi" sualının cavabında F.Ceyranlı deyib ki, bunun heç bir əhəmiyyəti yoxdur, çünki proses siyasi motivlidir.
Yeni dövlət ittihamçısı şahidləri çağırıb dindirmək əvəzinə, onların ibtidai istintaq zamanı verdikləri ifadələri oxumağa başlayıb. Bu, vəkil Gela Nikolaşvilinin etirazına səbəb olub. O, bunu prosesi saxtalaşdırmaq cəhdi kimi qiymətləndirib. F.Ceyranlı da etiraz edib.
Hakim prosesi dayandırmalı olub və dövlət ittihamçısından 5 sentyabr iclasına şahidlərin çağırılmasını tələb edib.
Məhkəmədə iştirak edən siyasi mühacir Daşqın Ağalarlı Turan-a bildirib ki, ittiham F.Ceyranlının həbsindən öncə Haqqin.az saytında dərc edilən məqalə versiyası üzərində qurulub, real faktlara əsaslanmayıb. "Faktiki olaraq ittiham tərəfi Azərbaycan hakimiyyətinin sifarişini yerinə yetirir", - D.Ağalarlı vurğulayıb.
Xatırladaq ki, mayın 22-də həbs olunmuş F.Ceyranlıya qarşı CM-in 247-ci maddəsinin 1-ci bəndi (həyat və sağlamlıq üçün təhlükəli olan informasiyanın gizlədilməsi), 180-cı maddənin 3-cü hissəsinin b bəndi (kütləvi dələduzluğa cəhd) ittiham irəli sürülüb.
F.Ceyranlı bildirib ki, ona qarşı irəli sürülən ittihamlar uydurmadır və ona heç bir aidiyyatı yoxdur. O deyib ki, həbsi sifariş xarakteri daşıyır və o, rəsmi ittihamda göstərilən hərəkətlərə görə hüquqi məsuliyyət daşımır.
Müdafiə tərəfi dələduzluq ittihamını əsassız adlandırıb.