Etibar qazanmağın vacibliyi haqqında - Seymur Baycan

Etibar qazanmağın vacibliyi haqqında - Seymur Baycan
16 Avqust 2017
Mətni dəyiş

Seymur Baycan

Son üç ildə müxtəlif dövrlərdə baş vermiş üsyanlar, inqilablar, birinci və ikinci dünya müharibəsi haqqında, həmçinin bəstəkarların, rəssamların, yazıçıların, rejissorların, filosofların həyat və yaradıcılığından bəhs edən xeyli sənədli filmərə baxdım. Həqiqətən də indi öyrənmək, məlumat toplamaq istəyən adam üçün hər cür şərit var. Hansı mövzuda desən sənədli filmlər çəkiblər, öyrənmək istəyirsənsə, otur bax. Lakin əvvəlki yazılarda da qeyd etdiyim kimi kitabı unutmaq olmaz. Kitab oxumayan adamda təffəkkür,  analiz etmə və hadisələrə fərdi yanaşma qabilliyyəti olmur. Yalnız ekrandan informasiya alan adam özü də xəbəri olmadan tutuquşu kimi başqalarının fikirlərini təkrarlayır. Həm də ona elə gəlir ki, bu onun şəxsi fikirləridir.  Ən pisi də elə budur. Ekrandan və kitabdan gələn informasiyalar bir birlərin tamamlamalıdırlar. Əsla və əsla təkcə ekrandan informasiya almaqla kifayətlənmək olmaz. Hələki belədi.

Gələcəkdə informasiya almağın tamam ağıla gəlməz vasitələri yarana bilər. Amma gəlin tələsməyək. Gələcək haqqında danışmasaq yaxşıdı. 50-60-cı illərdə çəkilmiş fantastik filmərə baxanda o vaxtın adamlarının gələcəyin texnikalarını necə gülməli şəkildə təssəvvür etdiklərini gördükdə gələcək haqqında danışmağa, ümumiyyətlə nəsə deməyə, düşünməyə ehtiyat edirəm. Yəqin ki, bu gün gələcək haqqında danışan adamların çoxu gələcəkdə gülməli görünəcəklər. Keçək yazının mövzusuna.

Xüsusən ikinci dünya müharibəsindən bəhs edən sənədli filmlərə baxdıqca etibar qazanmağın vacibliyi haqqında yazı  yazmaq qərarım daha da qətiləşirdi.  İşimizin  xeyli asanlaşması,  söhbətin çox da uzanmaması üçün belə bir hökm verək; etibar olmadıqda çəkilən zəhmət hədər gedir. İstisnaları nəzərə almasaq  şəxsən bəndəniz rusların ikinci dünya müharibəsi haqqında çəkdikləri filmlərə inanmır. Etibarlılıq yox dərəcəsindədir. Etibarlılıq yox dərəcəsindədirsə, deməli həmin filmlərə çəkilən zəhmət, xərclənən pullar da göyə sovrulur. Ruslar hələ də 41-ci ilin yayında baş vermiş dəhşətli itkiləri həzm edə bilmirlər. Ona görə də çoxlu yalanlar uydururlar. Özü də elə yalanlar ki, o yalanları tutmaq üçün ciddi, güclü tarixçi olmağa ehtiyac yoxdu. Bir az tarixdən məlumatın olsa rusların uydurduqları yalanları asanlıqla tuta bilərsən.

Əslində elə də dərinə getməyə ehtiyac yoxdu. İkinci dünya müharibəsi haqqında çəkilmiş sənədli filmlərdə danışan müharibə iştirakçılarına, veteranlara diqqətlə baxdıqda çox mətləblər aydın olur. Hər şeydən əvvəl alman və sovet veteranları danışıq tərzində çox fərqlənirlər. Almanların danışdıqlarından hiss olunur ki, tarixi olduğu kimi qəbul etməyi artıq bacarırlar. Səhvlərin etiraf edirlər. Deyirlər ki, cavan idik, ümumi ab-hava bizi aldatmışdı, ağlımız uçmuşdu, Hitler, millətçilik, “Mein kampf” başımızı xarab eləmişdi, lap o məşur lətifədə deyildiyi kimi, nə elədiyimizin fərqində deyildik. Hətta müharibə illərini xatırladıqları zaman aralarında qəhərlənib ağlayanları da olur. Nə qədər səmimi, nə qədər qeyri–səmimidirlər bunu özləri bilərlər. Kimin ürəyində nə var bunu axıra qədər heç kim bilə bilməz. Mən sadəcə gördüklərimdən danışmaqdayam. Sovet veteranları isə danışmaq əvəzinə şuar qışqırırlar, dəhşətli itkilərə haqq qazandırırlar, yeri gəldi-gəlmədi Stalini tərifləyirlər. Görünür tarixi olduğu kimi qəbul etmək mədəni xalqın göstəricilərindən biridi.

[caption id="attachment_11511" align="aligncenter" width="960"] Seymur Baycan[/caption]

Stalin demişkən, bu yaxınlarda Rusiyada keçirilmiş bir sorğuda Stalin yenə də tarixi şəxsiyyət kimi birinci yerə çıxdı. Kimlərsə bu sorğunun nəticəsini şübhə altına ala bilər. Bəziləri düşünə bilər ki, bir sorğunun nəticəsinə görə böyük bir ölkə haqqında hökm çıxarmaq, fikir yürütmək  düzgün deyil. Təsüflər olsun ki, söhbət bir sorğunun nəticəsindən getmir. Rus televiziyalarına baxsanız, beş-altı obyektiv, sağlam düşüncəli tarixçinin, publistin yazılarına, müsahibələrinə yazılan bədnam şərhləri oxusanız, verilən isterik reaksiyalarla tanış olsanız sorğuda Stalinin qalib gəlməsinin Rusyadakı ab-havanın bir nəticəsi olduğunu görə bilərsiniz. Ruslar doğurdan da bədbəxt xalqdı. O qədər böyük ərazisi, zəngin təbiəti, hər cürə ehtiyatı ola–ola yaşamağı bacarmırlar. Başqalarına da yaşamaqa imkan vermirlər. Rusiyanın başına hər cürə bəlalar gətirmiş Stalini dahi, böyük bir şəxsiyyət kimi qiymətləndirməklə ruslar qara tarixlərindən heç bir nəticə çıxarmadıqlarını nümayiş etdirirlər. Rus rejissoru Aleksandr Sokurov müsahibələrindən birində çox dəqiq bir cümlə işlətmişdi: “Başa düşmək lazımdı ki, rus xalqının özündən böyük düşməni yoxdu. Biz hələ də stalinizm dövründə nələr yaşadığımızı anlamamışıq”.

Rusların Stalini arzulaması həm də onu göstərir ki, onlar dinc dayanmayacaqlar, bir zibil qaynadacaqlar. Stalin arzulayan ölkə, xalq əlbəttə ki, böyük təhlükədir...

Qərəz, tarixi olduğu kimi qəbul edə bilməyəndə tarixi mövzularda çəkilən sənədli filmlərə də inam olmur.

***

Etibar, inam qazanmağın necə böyük bir həzz, lütf olduğu haqqında məişətdən də bir misal gətirsək pis olmaz. Təxminən üç il bundan əvvəl evə anidən qonaq gəldi. Yaşadığım evin yaxınlığında yerləşən ərzaq mağazasına gedib çaxır, pendir, kolbasa filan aldım. Evə gələndə gördüm ki, satıcı qaytarmalı olduğu məbləğdən çox məbləğ qaytarıb. Əslində adətən bazarda, marketdə qaytarılan pulu saymıram. Çox vaxt da cibimdəki pulun miqdarından xəbərim olmur. Sadəcə evə gəlmiş qonaq çaxırın qiymətindən söhbət saldı, neçəyə aldığımı soruşdu. Mağazaya gedəndə də cibimdə bir yüzlük vardı. Ordan bildim satıcının pulu çox qaytarmasını. Başqa vaxtı, başqa vəziyyətdə yəqin heç bilməzdim. Qayıtdım mağazaya. Gördüm mağazanın sahibi ordadı. Bayırda gözlədim. İstəmədim mağazanın sahibinin yanında satıcıya deyim ki, çox pul qaytarmısan. Belə hərəkət etmək düzgün olmazdı. Mağazanın sahibi satıcı haqqında pis fikirləşə bilərdi. Ən azı fikirləşərdi ki, satıcının huşu-ağlı özündə deyil, fikri başqa yerlərdə olur, müştərilərə həmişə artıq pul qaytarır, yaxşı satıcılıq eləmir və sairə və ilaxır… 

İncavara mağazanın sahibi çox dayanmadı. Harasa çıxdı getdi. Girdim mağazaya və satıcıya dedim ki, artıq pul qaytarmısan. Çox sevindi. Bəlkə də onun sevinməyinə səbəb artıq qaytardığı pulun geri qayıtması deyildi, mənim evdən mağazaya qayıdıb pulu ona  verməyim idi. Həmin vaxtdan etibarən nə vaxt mağazaya girirdimsə, satıcının daha xoş  rəftarı ilə qaşılaşırdım. Etiraf edim ki, bu çox xoşuma gəlirdi. Çünki hər dəfə onun xoş rəftarı ilə qarşılaşanda etibar, inam qazanmağın nə qədər gözəl bir şey olduğunu anlayırdım. Sonra həmin evdən başqa evə köçdüm. Bu yaxınlarda bir nəfərlə görüşüm vardı. Görüş təyin etdiyimiz yer əvvəl yaşadığım evin yaxınlığında idi. Siqaret çəkmək istədim. Gördüm ki, qutunu evdə qoyub çıxmışam. Girdim mağazaya siqaret almağa. Yenə də satıcının xoş rəftarı ile qarşılaşdım. Soruşdu çoxdandır görünmürsən. Dedim ta burda yaşamıram, başqa yerə köçmüşəm.

Bəli, etibar qazanmaq gözəl şeydi. Hər yerdə. Ticarətdə, siyasətdə, təhsildə, səhiyyədə, yolda…

P.S. Yazını yazıb qurtardıqdan sonra yadıma düşdü ki, bir nəfərə üç yüz manat borcum var. Özü də devalvasiyalardan əvvəl almışam.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun