Erdoğan Almaniya rəhbərliyini türklərin düşməni adlandırıb

Erdoğan Almaniya rəhbərliyini türklərin düşməni adlandırıb
18 Avqust 2017
Mətni dəyiş

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniya hökumətini və bu ölkənin aparıcı siyasi partiyalarını sərt tənqid edib.

“Hürriyet”ə məlumatına görə, R. T. Erdoğan cümə namazından çıxarkən sualları cavablandırıb. O, Almaniya kansleri Angela Merkel-in Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı çıxmasına münasibət bildirib.

R. T. Erdoğan deyib ki, seçki ərəfəsində olan Almaniya öz daxili çəkişmələrini dövlətlərarası münasibətlərə daşıyır: “Almaniya Aİ qaydalarına əməl etməyən ölkədir. Aramızdakı problemlərə görə məsuliyyət daşıyan axtarılırsa, bu, Almaniyadır. Orada 25-30 gün sonra keçiriləcək seçki öncəsində xristian-demokratlar və sosial-demokratlar az qala “Türkiyəni nə qədər çox sıxışdırsaq, o qədər səs alarıq” havasına düşüblər. Mən də Almaniyadakı bütün soydaşlarımıza deyirəm ki, qətiyyən səhv edib bunları dəstəkləməyin. Nə xristian-demokratları, nə sosial-demokratları, nə yaşılları. Bunların hamısı türk düşmənidir. Orada hazırda Türkiyəyə qarşı düşmənçilik etməyən partiyalara dəstək verin. Çünki artıq bu, Almaniyada yaşayan bütün vətəndaşlarımızın qürur məsələsidir. Orada 1 milyona yaxın səs hüququ olan türk seçici var. Düşünürəm ki, onlar Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi verməlidir”.

R. T. Erdoğan Almaniyadan orada olan türkiyəli terrorçuların təhvil verilməsini istədiklərini, şəxsən özünün Angela Merkel-ə 4500 terrorçunun siyahısını təqdim etdiyini, lakin hər hansı nəticə əldə olunmadığını söyləyib: “Hazırda onların bizdə həbsdə olan 3-5 vətəndaşı var, davamlı onları bizdən istəyirlər. Lakin onların məhkəmələri varsa, bizlərin də var. Məhkəmə bu məsələdə qərarını verməlidir, sonra lazım olan nədirsə, onu edərik”.

Hazırkı Almaniya hökuməti xristian-demokratlar və sosial-demokratların koalisiyasından ibarətdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun