Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda terror aktları planlaşdıran Azərbaycan vətəndaşını zərərsizləşdirib. Abzas.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. M'lumatda deyilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu ismayıllıda Əməliyyat həyata keçirib. "Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açmış və cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilmişdir. Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilmişdir. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir" - deyə DTX-nin məlumatında qeyd olunub.