Financial Times (FT) qəzeti Çin hökumətinin may ayından bu yana xaricdə təhsil alan uyğur türklərinə bildiriş göndərərək ölkəyə geri çağırdığını bildirib.
Məsələ ilə bağlı qəzetə məlumat verən fəallar və tələbələrin sözlərinə görə, bildirişlər əsasən göndərilən şəxsin ailə üzvləri nəzarətə alındıqdan sonra ünvana çatdırılıb.
Bildirişi alıb geri qayıdan bəzi tələbələrin ölkəyə daxil olan kimi həbs olunduqları ifadə edilib.
Qəzetin məlumatına görə, Çin hökuməti uyğur türklərinin təhsil almaq üçün getdikləri başqa ölkələrdə radikallaşmalarından narahatdır.
Xəbərdə Çin hökumətinin xüsusulə, Türkiyə və Misir kimi müsəlman ölkələrdə təhsil alan uyğur türklərinə bildiriş göndərdiyi vurğulanıb.
Hong-Kong-dakı Beynəlxalq Əfv Təşkilatının tədqiqatçısı William Nee,Çinin "birbaşa nəzarətdə saxlaya bilmədiyi hər cür islami hərəkatı basdırmağa" çalışdığını söyləyib.
Xəbərə görə, Qahirədə yerləşən və dünyanın ən böyük islami təhsil mərkəzlərindən biri olan Əl Əzhər universitetində təhsil alan 150 uyğur türkü onlara göndərilən bildirişə əhəmiyyət vermədiklərinə görə iyul ayında Misir polisi tərəfindən həbs edilib.
FT-nın yazdığına görə, həbs olunanlardan ən azı 22 nəfəri Çinə təhvil verilib, digərləri isə sərbəst buraxıldıqdan sonra Misirdən qaçmağa nail olub.
Çin hökuməti, Şincan uyğur muxtar vilayətində yaşayan türk və müsəlman azlıqlarına oruc tutmağın qadağan edilməsi kimi bəzi təzyiqlər tətbiq etməkdə ittiham olunur.