Sumqayıt Apellyasiya məhkəməsində AXCP Sumqayıt Şöbəsinin Gənclər komitəsinin sədri Ruslan Qarayevin apellyasiya şikayətinə baxılıb.
Abzas.net xəbər verir ki, Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin 20 sutkalıq inzibati həbs qərarını qüvvədə saxlayıb. Bu barədə gənc fəalın vəkili Əsabəli Mustafyev bildirib.
Vəkil deyib ki, apellyasiya şikayətinə avqustun 21-də baxılıb. Onun sözlərinə görə, proses həmişəki kimi formal və şablon xarakter daşıyıb.
"Tutulmanın və cəzanın qanunsuz olmasını təsdiq edəcək vəsatətlərin heç biri təmin olunmadı. Bu son 1 ildə Ruslanın 3-ci inzibati həbsidir. İkisi artıq Avropa Məhkəməsindədir. Bu da üçüncü olacaq" - deyə vəkil bildirib.
Ruslan Qarayev AXCP Sumqayıt şəhər şöbəsinin Gənclər Komitəsinin sədridir. O, bundan öncə də dəfələrlə saxlanılaraq polis orqanlarına aparılıb. Bunlardan 3-ü həbslə nəticələnib. Gənc fəal həbsdən sonra dəfələrlə bildirmişdi ki, onun həbsi və bütün saxlanılmalar siyasi motivlidir.
Cəbhəçi sonuncu dəfə avqustun 11-də küçədə ünvansız söyüş söyməkdə ittiham edilərək saxlanılmış, Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilmişdir. Ruslan Qarayev Sumqayır şəhər Baş Polis İdarəsində saxlanıldığı bir neçə saat ərzində 'Facebook' profili aktiv olub, sosial şəbəkədə hakimiyyət əlehinə yazdığı bir neçə status silinib.
Ruslan Qarayev həbsinin siyasi motivli olduğunu və onu sosial şəbəkələrdə hakimiyyət əlehinə statuslar yazdığına görə həbs edildiyini bildirir.