Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi niyə bağlandı?

Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi niyə bağlandı?
13 Avqust 2017
Mətni dəyiş

"Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin fəaliyyəti dayanıb. Bakı ofisi qarşıdakı 2 ay ərzində könüllü əsasda fəaliyyətini davam etdirəcək və məhdud miqyasda hüquqi yardım göstərəcək. 

Şəffaflıq Azərbaycan Təşkilatının layihə meneceri Elvin Yusifli ToplumTv-yə olan açıqlamasında bildirib ki, qurum 2014-cü ilə qədər xarici qrant əsasında fəaliyyət göstərib və kifayət qədər çeşidli maliyyə mənbələrinə malik olub:

"ATƏT-in qrantı var idi. USAID qrantı və s. əsasında fəaliyyət göstərirdi, amma 2014-cü ildən sonra fəaliyətimizi yalnız bir qrant əsasında aparırdıq. Bu da USAID təşkilatının Azərbaycan Şəffaflıq qrant layihəsi olub. Bu layihənin də müddəti 2016-cı ildə bitib. 6 ay müddətində uzadılma olmuşdu, lakin yeni əlavə qrant müqaviləsinə edilmiş dəyişiklik üçün 2017-ci ilin fevralında Ədliyyə Nazirliyinə müraciət etdik.

"Əsas problem Ədliyyə Nazirliyində qeydiyyatı məsələsidir"

4 aydan çox vaxt keçməsinə baxmayaraq, bizə qrantın qeydiyyatı və ya qeydə alınmaması ilə bağlı məlumat daxil olmadı. Bu qrant müqaviləsi də bizim fəaliyyətimizin əsas maliyyə mənbəyi oluduğu üçün biz faktiki maliyyə problem ilə üz-üzə qalmışıq. Nəticədə regionlarda fəaliyyət göstərən iki ofisimiz bağlanıb".

Elvin Yusifli təşkilatın Bakı ofisinin könüllülük əsasında fəaliyyət göstərməsi ilə bağlı məsələyə də toxunub:

"Könüllülük prinsipi dedikdə biz əsasən onu nəzərdə tuturuq ki, əmək müqavilələrinə artıq uzun müddətdir ki, xitam verilib. Bizim əməkdaşlarımız maddi təmənnasız ən azı qarşıdakı iki ay ərzində təşkilatın əsas işlərini tamamlamağa çalışırlar".

E.Yusifli deyir ki, əsas problem USAID qrantının Ədliyyə Nazirliyində qeydiyyatı məsələsidir:

"Aydınlaşdırılma gətirilməsi yaxşı olardı. Ədliyyə Nazirliyi bir ay ərzində qrant müraciətimizə cavab verməli idi, amma ötən 5 ay ərzində bizə heç bir cavab verilməyib".

"Maliyyə çatışmazlığı ilə bağlıdır..."

Şəffaflıq Azərbaycan Təşkilatının İdarə Heyətinin sədri Əliməmməd Nuriyev bildirib ki, Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi öz filiallarının fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayıb: "Bu, maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqədardır. Yetərli maliyyə vəsaiti olmadığından Gəncə və Qubada fəaliyyətini dayandırıb”.

Əliməmməd Nuriyev deyib ki, maliyyə çatışmazlığı məsələləri xaricdən gələn qrantların qeydə alınmasında problemlərin olması ilə əlaqədardır.

"Hesab edirəm ki, bu, qanunvericiliyə dəyişikliklərdən sonra..."

Hüquq müdafiəçisi Anar Məmmədli isə məsələnin heç xoş olmadığını deyib: "Son illərdə Azərbaycanda çox sayda təşkilat maliyyə çatışmazlığından fəaliyyətini dayandırıb. Hesab edirəm ki, bu, qanunvericiliyə dəyişikliklərdən sonra Vətəndaş Cəmiyyətinin vəziyyətinin mürəkkəbləşməsi ilə əlaqədardır”.

Təşkilat Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən "Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində xidmət göstərirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun