Azərbaycan ''Cənub Qaz Dəhlizi'' üçün 500 milyon dollar borc alır

Azərbaycan ''Cənub Qaz Dəhlizi'' üçün 500 milyon dollar borc alır
5 Avqust 2017
Mətni dəyiş

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, AYİB) ''Cənub Qaz Dəhlizi''nin ən böyük hissəsini təşkil edən Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsində istifadə edilmək üçün Azərbaycana məxsus "Cənub Qaz Dəhlizi" şirkətinə 500 milyon dollar kredit ayırmağı planlaşdırır.

İdarə heyətinin oktyabrın 18-də keçiriləcək toplantısında kreditin təsdiq olunması gözlənilir. Məlumatı "Marja" saytı yayıb.

Açıqlamada ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon, Asiya İnkişaf Bankının isə 600 milyon dollarlıq kredit ayırmağı təsdiq etdiyi xatırladılıb.

Avropa İnvestisiya Bankının da TANAP üçün kredit təmin etməyi düşündüyü bildirilən açıqlamada layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Bildirilir ki, ''Cənub Qaz Dəhlizi''nin böyük bir hissəsini təşkil edən TANAP-ın tikintisi müddətində 9 mindən artıq daimi olaraq isə təxminən 300 nəfərə məşğulluq təmin ediləcəyi ifadə edilib.

"Cənub Qaz Dəhlizi" şirkəti layihədə 58 faiz paya malikdir. Böyük hissəsi Azərbaycan hökumətinə məxsus bu şirkətin TANAP üçün yatıracağı investisiyanın 5 milyard dollara çatacağı qeyd edilib.

"Cənub Qaz Dəhlizi" şirkətinin 51 faiz hissəsi Azərbaycan hökumətinə, 41 faizi ARDNŞ-ə (SOCAR) məxsusdur.

İlk fazada 16 milyard kubmetr tutuma malik olacaq TANAP, bu qazın 6 milyard kubmetrini Türkiyəyə, 10 milyard kubmetrini isə Avropaya daşıyacaq.

Türkiyəyə qazın 2018-ci ilin ilk yarısından sonra verilməsi planlaşdırılır. Avropaya nəql isə Trans Adriatik Boru Kəmərinin (TAP) hazır olması vəziyyətinə görə 2019-2020 dövründə həyata keçiriləcək.

Ehtiyac olarsa TANAP-ın gücü 31 milyard kubmetrə qədər qaldırılacaq.

TANAP-da, "Cənub Qaz Dəhlizi" şirkətinin 58 faiz, "Boru Kəmərləri ilə Neft Daşıma AŞ"nin (BOTAŞ) 30 faiz və BP-nin də 12 faiz payı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun