Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin sentyabrında dörd iş üzrə kommunikasiyaya başlayacaq.
Bu barədə vəkil Cavad Cavadov bildirib.
Həmin işlərdən üç iş vəkil Cavad Cavadovun müdafiə etdiyi tanınmış dindarların işidir: Cavid Məmmədov; Zülfüqar Mikayılov; Elman Ağayev. Sonuncu iki şəxs Nardaran işi ilə bağlı həbs olunub və onların şikayətləri bir il öncə Avropa Məhkəməsinə göndərilib.
İlahiyyatçı Cavid Məmmədov 20 oktyabr 2012-ci ildə həbs olunub. O qanunsuz silah və dini ədəbiyyat saxlamaqda, qanunsuz aksiya təşkil etməkdə ittiham edilib. Məhkəmənin qərarı ilə 1 il həbs cəzasına məhkum edilib. 2013-cü ilin avqustunda vaxtından əvvəl həbsdən azad edilib.
Zülfüqar Mikayılov, Elman Ağayev 2015-ci il noyabrın 26-da Nardaranda baş verən hadisələrə görə həbs edilib və məhkəmənin hökmü ilə uzun müddətli həbsə məhkum edilib.
Digər iş isə Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun şikayətidir. O 2014-cü ilin oktyabrında həbs edilib. Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlətini aşma), 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələriylə təqsirli bilinir.