Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının ailəsi “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə onun atası Əlövsət Sadıqlı məlumat verib. Bildirib ki, telefonda özünü müstəntiq Şöhlət Hüseynov kimi təqdim edən bir nəfər ona və oğlu Elgiz Sadıqova zəng edib:
''Haqqımızda olan şikayətə görə avqustun 8-də onun yanına getməyimizi və izahat verməyimizi tələb etdi. Mən həmin şəxsin telefon zənginə etibar etmədiyimi və zəng edənin, həqiqətən də, BMCMİ-nin əməkdaşı olduğuna inanmadığımı, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 226.1-ci maddəsinin (226.1. şahid, zərərçəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşularından, mənzil istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər) tələbinə əsaslanaraq, belə halda vətəndaşa rəsmi çağırış sənədi göndərilməli olduğunu desəm də, şəxs telefon danışığının da qanuni olduğunu və gəlməyəcəyimiz halda “məcburi gətirmə” tədbiri görəcəyi ilə təhdid etdi''.
Əlövsət Sadıqlı bilmir tələb edilən yerə getsə, onu hansı aqibət gözləyir:
''Narkotik, silah daşıma, polisə müqavimət və s. bu kimi ittihamlara tuş gəlməyəcəyik ki? Şəxsin verdiyi məlumatdan belə anladım ki, əslində bizim dəvətimizin pərdə arxasında müstəqil vətəndaş cəmiyyətinin sındırılması istiqamətində hazırda ölkədə tüğyan edən proses: hökumətin diqtəsi ilə oturub-durmayan, müstəqil vətəndaş cəmiyyəti mövqeyində olan şəxslərin sıradan çıxarılması və ya onlardan qisas alınması faktı dayanır''.
Tural Sadıqlının ailəsi daha öncə də Sabunçu Rayon Polis Bölməsinə dəvət edilmişdi. Səbəb Avropada yaşayan azərbaycanlıların Berlindəki Azərbaycan Səfirliyinin önündə etiraz aksiyası keçirməsi olmuşdu. Onlar son illər ölkədə baş verən hadisələrə, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilatlara qarşı repressiyalara, günahsız insanların həbs edilməsinə etiraz etmişdilər.