ABŞ prezidenti Donald Trump-ın kiçik müşaviri istefa verib.
Abzas.net xəbər verir ki, ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik və terror məsələləri üzrə kiçik müşaviri Sebastian Gorka istefa verib.
Bu barədə "The Federalist" nəşri Gorka-nın istefa ərizəsinə istinadən məlumat verib. Gorka istefasını Ağ Evin yürütdüyü siyasətlə razılaşmadığı ilə əsaslandırıb.
"Son zamanlar baş verən hadisələri nəzərə alsaq, mənə, prezidentin verdiyi sözləri dəstəkləməyən qüvvələrin Ağ evdə söz sahibi olmağa başladığı aydın oldu. Sizi dəstəkləməyin ən effektiv yolu bunu xalqın Evindən kənarda etməkdir cənab prezident", - Gorka Ağ evi nəzərdə tutaraq yazıb.
O, həmçinin, "Amerikanı yenidən böyük etmək" (Trump-ın seçki kampaniyasındakı şuarı) siyasətini dəstəkləyən insanların administrasiyadan kənarda qalmasına təəsüffləndiyini bildirib. Onun sözlərinə görə, belə insanları "seçdilər və sistematik şəkildə administrasiyadan uzaqlaşdırdılar".
"Bu mənə, sizin bu həftə Əfqanıstanla bağlı danışacağınız mətni oxuduqda aydın oldu. Bu mətni yazmış insanların "radikal islamçılıq" və "radikal islam terroru" deyimlərini heç olmamış kimi oradan yığışdırmaqları sizin prezident kampaniyanızın ən vacib elementinin artıq itdiyini sübut edir", - deyə Trump-ın terror məsələləri üzrə keçmiş müşaviri əlavə edib.
Sebastian Gorka-nın postunu tərk etməsi ilə bağlı məlumatı Ağ evin mətbuat xidməti "CNN", "Associated Press" və digər nəşrlərin sorğularına cavab olaraq təsdiqləyib. Lakin hələ ki, bu məsələyə rəsmi münasibət bildirilməyib.
Gorka, administrasiyanın nüfüzlü üzvlərindən biri idi və keçən həftə vəzifəsini tərk edən Trump-ın siyasi məsələlər üzrə əsas müşaviri Steve Bannon-la eyni siyasi baxışlara malik idi.