Firdovsi Abdullayevin Bakının Babək prospektində bir neçə iaşə obyekti olub.
"İkimərtəbəli, böyük mağaza idi. Mağazanın altında zirzəmi, yanında anbar vardı. Qarşısında beş avtomobil boksu vardı, hamısı fəaliyyətdəydi. Arxa tərəfdə üçmərtəbəli bina vardı, ikinci mərtəbəsi çayxana idi, əvvəllər işləyirdi, sonra ətrafda söküntü başlayanda hər tərəf toza-dumana büründü, çayxanaya gələn də olmadı. Üçüncü mərtəbədə ofis yerləşirdi. Gəlirim olurdu, intizamlı vergi ödəyicisi idim. Gəlib sökdülər, dedilər, dövlət layihəsinə düşür. Obyektimin dəyəri 3 milyon yarım idi, bu günədək də qara qəpik ödəməyiblər".
3 milyon 500 min manatlıq ziyan
Firdovsi Abdullayevin Bakının Babək prospektində bir neçə iaşə obyekti varmış. İndi o obyektlərin izi də qalmayıb. Sahibkar danışır ki, Xətai Rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Birliyi obyektləri bir anda ağır texnikalarla "yoxa çıxarıblar". Ortada nə razılaşma var, nə də məhkəmə qərarı... Beləcə, sahibkar iddia edir ki, ona 3 milyon 500 min manat ziyan vurulub:
"Gəldilər, dedilər, «təcili ərazini boşalt». Dedim, «bu ərazi mənimdir, şəxsidir, almışam, obyektlər tikmişəm, hər bir sənədim də var». Dedilər, «sənəd keçmir, bu ərazi dövlət layihəsinə düşür». Mən onlara bir daha obyektlərin rəsmi sənədlər əsasında fəaliyyət göstərdiyini, vergi ödənişlərinin və kommunal xərclərin vaxtında ödənildiyini, çıxarış sənədinin isə ötən ilin mayında alındığını bildirdim. Bununla belə, ağır texnikaları töküb obyektləri şumladılar. Heç içərisindəki əşyaları daşımağa da imkan vermədilər".
Sahibkara məxsus obyektlərin yeri şumlanıb və bir neçə aydır ki, belə vəziyyətdə qalıb, tələsik şumlanan ərazidə hələ də heç bir iş görülməyib.
Kompensasiya müqaviləsi təqdim olunub, amma...
Şumlama əməliyyatından sonra sənədlərlə tanış olan Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və rayon icra hakimiyyətinin nümayəndələri sahibkara bir neçə iaşə obyekti üçün kompensasiya ödəniləcəyini vəd edib. Ancaq sahibkarın deməsinə görə, bu, elə şifahi vəd olaraq qalıb.
Xətai Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kompensasiya müqaviləsi mülkiyyətçiyə təqdim olunub. Ancaq mülkiyyətçi imzalamayıb.
Firdovsi Abdullayev isə deyir, ona 500 min manatlıq kompensasiya müqaviləsi təqdim olunub ki, o, həmin məbləğlə razılaşmır. Sahibkar təkcə 800 kvadratmetr sahəsi olan mülkünün dəyərinin təklif olunan kompensasiyadan üç dəfə artıq – 1 milyon 500 min manat olduğunu deyir.
Bazar qiymətləri ilə müqayisə aparılmasına nail olmalıdır
Hüquqşünas Vaqif Alıyev deyir, sahibkar məhkəməyə müraciət edə bilər.
"Sahibkar həmin ərazidə torpağın 1 sotunun bazar qiyməti, mülklərin bazar qiyməti ilə dəyərləndirilməsi ilə bağlı iddia qaldırmalıdır. Hazırda əraziyə yaxın yerlərdə oxşar obyektlərin bazar qiymətləri ilə müqayisələr aparılmasına nail olmalıdır" – hüquqşünas bildirib.
"Ağ şəhər" layihəsi ortaya çıxandan bir çox vətəndaşlar şəxsi əmlaklarına kiçik məbləğdə kompensasiyalarla razılaşmayaraq Xətai Rayon Məhkəməsində iddia qaldırıblar. Bu iddiaların çoxu təmin olunmayıb.