21 yaşlı yeniyetmədə var-dövlət, bahalı maşınlar haradandır?

21 yaşlı yeniyetmədə var-dövlət, bahalı maşınlar haradandır?
7 Avqust 2017
Mətni dəyiş

Cəmil Həsənli

Neçə gündür ölkə şok içindədir. Məmur övladlarının harınlığının həddi-hüdudu yoxdur. Bir müddət əvvəl nəvəsi yaşında olan Leyla Əliyevanın tərifini göylərə qaldıran, onu cəmiyyətə nümunə göstərən və həmin difiramba ilə hakim ailəyə yarınmağın cəmiyyətə pis nümunəsini verən "ağsaqqal" baş nazirin "ağsaqqal" müavininin qaçqın pulları ilə harınlamış nəvəsi cəmiyyətə, ölkə qanunlarına, əxlaq və mənəviyyat anlayışlarına meydan oxudu.

Razıyam, ata oğula, baba nəvəyə görə məsuliyyət daşımır (və ya əksinə). Amma 21 yaşında olan nəvənin qaçqın düşərgələrindən böyük olan və dəyəri ölkə köçkünlərinin illik büdcəsinin sərhədlərinə sığışmayan avtomobil parklarının izahatın kim verməlidir? Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov ayda 36 manat çörək pulu alan qaçqınlara "skromnı" yaşamağı tövsiyə edirdi. Nailin yaşı babasının hökumət sədrinin müavini olmaq stajına təxminən bərabərdir. 21 yaşlı bir yeniyetmədə bu qədər var-dövlət, bu qədər bahalı maşınlar haradandır? Doğrudur deputatlardan biri bütün əxlaq və mənəviyyat anlayışlarını bir kənara qoyaraq onu

Bill Qeytslə müqayisə etməkdən belə çəkinmədi. Amma bunu həmin deputatın da mənsub olduğu qaçqınlara inandırmaq çox çətindir.

Əlbəttə, Nailin iki insan ölümü ilə nəticələnən hadisəyə görə həbs edə bilərlər. Lakin indiki şərtlər daxilində onun törətdiyi əmələ müvafiq həbsdə qalması mümkünsüzdür. Əgər DİN-in orta səviyyəli bir generalının oğlu çörək qazanmaq üçün restoranda işləyən biçarə bir vətəndaşı bıçaq əlində ov heyvanı qovan kimi qovub qanına qəltan edəndən sonra cəmisi bir neçə ay cəzaçəkmə yerində qaldısa, babası hökumətin başbiləni, qayınatası ölkə sərhədlərinin keşikçisi olan, bir ayın evlisi 21 yaşlı Nailin törətdiyi əmələ uyğun cəza çəkməsi mümkün deyil.

Dövlət sərhəd xidmətinin rəisi general Elçin Quliyev öz xidməti işçilərinə ölkənin ən dürüst və namuslu xanımlarından olan Gözəl Bayramlının çantasına 10 min ABŞ dolları atdırıb onu saxta ittihamla həbs etdirdikdən sonra qızını xoşbəxt görmək istəyirdi. Amma anlamırdı ki, vicdanlı bir xanıma cinayət tələsi qurduğu andan qızının da xoşbəxtçiliyini itirmişdi. Bu da onun təsdiqidir. Maşınlarının sayı yaşından çox olan Nail Allahverdiyevin vaqeəsi ölkənin hansı rəzalətin içində olduğunu bir daha göstərdi. Başqa bir YAP rəsmisi metro Tağının cəmiyyəti heyrətlərindən işdahı kölgədə qaldı. “MTN” və “Rabitə” işləri bizim dövlət adlandırdığımız bir qurumun hansı çirkabın içində olduğunu göstərdi. Digər dövlət qurumlarında analoji vəziyyətin olmadığına heç bir təminat yoxdur.

[caption id="attachment_40608" align="aligncenter" width="1024"] Cəmil Həsənli[/caption]

Hamı ölkənin bu vəziyyətə, bu rəzalətə salınmasının səbəbini və səbəkarını axtarır. Bu vəziyyətin bircə səbəbi və bircə səbəbkarı var. İlham Əliyevin yarıtmaz idarəçiliyi, onun bərqərar etdiyi kleptokratiya şəbəkəsi ölkəni belə acınacaqlı duruma saldı. Ona görə də bizim səfalət həddinə çatdırılmış vətənimizin, sərgərdan və dilənçi halını sürüklənmiş millətimizin və xalqımızın layiq olmadığı bu duruma düşməyinin səbəbkarı da bilavasitə İlham Əliyevdir. Onun başçılığı ilə hakimiyyətin apardığı yarıtmaz siyasət bizim ölkəni dövlət anlayışlarından uzaqlaşdırıb, ona coğrafi məzmun verir, milləti tayfa, ailə-klan, əşirət təəssübkeşliyinə sürükləyir. Əgər bir ölkənin hakimiyyət orqanları qaçaq-quldur ənənəsi ilə qonşu ölkədən jurnalist oğurlayırsa, 21 yaşlı Nailin maşın parkına təəccüblənmək lazım deyil.

25 ildir ərazisi işğal altında olan bir məmləkətdə general əlindən tərpənmək olmur. Həyat göstərdi ki, bu generalların çoxunun ali məqsədi işğal altında olan vətəni azad etmək yox, bazar bölməkdir, vətəndaşa tələ qurmaqdır, düşməni deyil milləti diz çökdürməkdir. Əgər ərazisi işğal olunmuş bir ölkənin hakimiyyəti korrupsiyaya qurşanıbsa, yeni bir kreativ ritorikada deyildiyi kimi, niyə də olmasın? Vaxtı ilə bir polkovnikin idarə etdiyi respublika yanğınsöndürmə şəbəkəsində indi deyilənlərə görə 20-dən çox general "xidmət" edir.

Bu rütbələri kim verib? Ölkənin təhlükəsizlik sistemini bazara çevirən o generallara həmin rütbələri kim vermişdi? Əgər ölkə prezidentinin bütün siyasəti öz ailə üzvləri və yaxın ətrafının varlanmasına xidmət edirsə, ölkənin gəlirli sahələri ailə biznesinin maraqlarına tabe edilirsə, xalqın yonca bitəcək kimi mücərrəd olan pambığın, baramanın və yeni "strateji" iqtisadi istiqamət kimi vəd edilən fındığın ümidinə buraxılmasına, yüksək vəzifəli məmurların "qəflətən" varlanmış yeniyetmə övladlarının isə Bill Qeytslə müqayisə edilməsinə təəccüblənmək lazım deyil.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun