İcra nümayəndəsi: “Qərərgah rəisi əsgərlərin xidmət yoldaşları tərəfindən öldürüldüyünü deyib”
Tovuzun Əlibəyli kəndində müddətdən artıq hərbi xidmətdə olan daha bir əsgərin öldüyü bildirilir. O, 1986-cı il doğumlu Şahin Şəmistan oğlu Əhmədovdur.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Bildiriblər ki, o, Ağstafanın Sadıqlı kəndinin sakini olub: “Şahin Əhmədov əsgər yoldaşı tərəfindən öldürülüb”.
Meydan TV hadisənin doğruluğunu dəqiqləşdirmək üçün Ağstafa Rayon İcra Hakimiyyətinin Sadıqlı kənd icra nümayəndəsi Fərhad Hacıyevlə əlaqə saxlayıb. O, faktı təsdiqləyib:
“Şahin Əhmədov həmyerlimizdir. Müddətdən artıq hərbi xidmət keçirdi. Müqaviləsi var idi. Səhv etmirəmsə, 2019-cu ilədək xidmət edəcəkdi. Qərərgah rəisi bildirib ki, o, həmin gün ertədən bir nəfər əsgərlə xidmətə gedib. Səhərə yaxın hərbi hissəyə dönəndə səngərdəki əsgərlərdən biri onlardan parolu soruşub. Bilmədikləri üçün də hər ikisini güllələyib. Bir nəfər Göyçaydan olan əsgəri və Şahin Əhmədovu. Digər ölən 19 yaşlı həqiqi hərbi xidmətdə olan əsgər olub”.
İcra nümayəndəsi hadisənin 4 gün öncə, avqustun 4-də baş verdiyini deyir. Elə həmin gün Göyçayın Şəkər kənd sakini, Tovuzun Əlibəyli kəndindəki “N” saylı hərbi hissədə xidmət edən, 1998-ci il təvəllüdlü əsgər Vahid Vüqar oğlu Musayev də həlak olub.
Əsgərin yaxınlarının verdiyi ilkin məlumata görə, o, əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb.
Bir neçə gün öncə Göyçay rayonu Şəkər kənd bələdiyyəsinin sədri Qurban İbrahimov Meydan TV-yə faktı təsdiqləmişdi. Demişdi ki, Vahid Musayevin cənazəsi hələ kəndə gətirilməyib:
''Onun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Hələ cənazə gətirilməyib. Onun hansı şəraitdə həlak olması barədə də məlumatımız yoxdur''.
“2017-ci ilin ilk 6 ayında Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 35 hərbi qulluqçu ölüb. Onlardan 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri-döyüş itkisidir”.
Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı məlumatda deyilir.
Qurumun yaydığı məlumatda bildirilir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub.