Rəsmi məlumata görə, 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19,0 milyard manata çatıb.
Abzas.net xəbər verir ki, ticarət dövriyyəsinin 9,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyul aylarının göstəricilərindən real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,4 faiz çoxdur.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, inkişaf etmiş ölkələrdə vətəndaş qazancının 12%-dən çoxunu ərzağa, 10%-dən çoxunu isə kommunal ödənişlərə xərcləyirsə, artıq o yoxsul sayılır.
"Bizdə əhalinin böyük hissəsi maaşının, təqaüdünün tamamını ərzağa xərcləyib, kommunal ödənişlər üçün isə bəzən borc alırsa, həmin vətəndaşlar artıq kasıb da deyillər, yoxsulluğun tam dibindədirlər".
Ekspertin sözlərinə görə, hökumət tez-tez deyir ki, Azərbaycanda cəmi 5% yoxsul var. Çox aşağı rəqəm indikatorları müəyyən edib, yoxsulluq səviyyəsini çox aşağı götürüb belə "nəticə" əldə ediblər.
N.Cəfərli bildirir ki, Almaniyada ayda 900 avrodan aşağı gəliri olan yoxsul sayılır, bizdə isə 1800 manat (900 avro) maaş alan orta sinif hesab olunur.
'Əhali bütün gəlirini ərzaqa xərcləyirsə, bu, yoxsulluğun tam dibidir'Ekspertin sözlərinə görə, ABŞ-da illik gəliri 20 min dollardan az olan yoxsul sayılır, bizdə ilə 34 min manat (20 min dollar) qazanan kim olsa, hamı onunla qohum olmaq istəyir.
"AB-nin ən kasıb ölkəsi Bolqarıstanda yoxsulluq həddi adambaşına 200 avro civarındadır. Yəni 4 nəfərlik ailəyə 800 avrodan az gəlir gəlirsə, yoxsul sayılır, bizdə 4 nəfərlik ailəyə 1600 manat (800 avro) gəlir gələndə adamlar kreditə maşın zad götürürlər", - deyə iqtisadçı bildirib.
Onun fikrinə görə, hətta Bolqarıstan səviyyəsində olan indikatorlar Azərbaycanda tədbiq edilsə, əhalinin yarıdan çoxu yoxsulluq həddinə düşər.