Əlil: 'Prezidentə müraciət etdiyimə görə, polis rəisi məni söydü, təhqir etdi'

Əlil: 'Prezidentə müraciət etdiyimə görə, polis rəisi məni söydü, təhqir etdi'
16 Avqust 2017
Mətni dəyiş

Əlillik dərəcəsinin qanunsuz şəkildə ləğv edildiyini bildirib prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaua video müraciət ünvanlayan Cəlilabad rayon sakini Faba Nuriyev həmin rayonda polis şöbəsinə aparılıb.

Bu barədə Abzas.net-ə şikayətçinin özü məlumat verib. Onun sözlərinə görə, Cəlilabad rayon icra hakimiyyəti başçısının göstərişi ilə Cəlilabad rayon polis şöbəsinin 4 əməkdaşı evinə gələrək, yataq xəstəsi olduğu halda onu maşına mindirib polis şöbəsinə aparıblar.

"Polis şöbəsində telefonumu əlimdən alaraq içində olan videoları pozdular. Məni 4 saat polis şöbəsində saxladılar. Mən dəfələrlə polislərə dedim ki, əlil adamam, otura bilmirəm. Adı Mehman olan polis əməkdaşı mənə dedi ki, rəsi müavini Əjdər müəllim gələnə qədər gözləməlisən".

F.Nuriyev bildirir ki, polis rəisinin Əjdər adlı müavini gələn kimi onu küçə söyüşləri ilə təhqir edib,  prezidentə müraciət etdiyi üçün hədə-qorxu gəlməyə başlayıb. Onun sözlərinə görə, bu təzyiqlərdən sonra ayağı qıc olub və keyiməyə başlayıb.

Əlildən video müraciət: ‘Özbaşınalıq baş alıb gedir, siz hara baxırsız, İlham Əliyev?’

"Mən dəfələrlə onlara yalvararaq heç olmasa anamın ayaqlarımı ovuşdurmasına icazə vermələrini xahiş etsəm də, heç kim mənim yalvarışlarıma məhəl qoymadı. Ayaqlarımın ağrısından səsimi bəlkə də yoldan keçənlər də eşidirdi. Anamın yalvarışlarından sonra, rəis müavini Əjdər müəllim dedi ki, gözləyək görək icra başçısı nə deyəcək..."

Şikayətçi əlil deyir ki, bir müddət keçdikdən sonra polislər həkim çağırdılar. Gələn həkim dedi ki, bu adam yataq xəstəsidir, bunu bura niyə gətirmisiniz? F.Nuriyevin sözlərinə görə, ondan sonra onu polis bölməsindən xəstəxanaya aparıblar. Polis bölməsində onunla elə davranıblar ki, sanki o, prezidentə müraciət etməklə terror edib.

Əlil Faba Nuriyevin prezident İlham Əliyevə ünvanladığı video müraciət: https://www.youtube.com/watch?v=fSUbt1kS31o

F.Nuriyev deyir ki, onu məmurlar ölüm həddinə çatdırıb, haqsız yerə əlilliyi ləğv edilib. O bildirir ki, məmurlara "nəynən dolanım?" deyəndə də, "sən əlilsən, bu vətənə lazım deyilsən" deyirlər.

"Məmurlar deyir ki, prezidentin işi-gücü qurtarıb sənin səsinə səs versin? Bu sözləri mənə Cəlilabad RPŞ-nin rəis müavini Əjdər adlı şəxs dedi. Mənə olan bu qanusuzluq barəsidə 102 xidmətinə məlumat vermişəm. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana ərizə ilə müraciət etmişəm və ümid edirəm ki, mənim şikayətimə ciddi baxılacaq, həmin polislər barəsidə ciddi tədbir görüləcək".

Daxili İşlər Nazirliyindən məsələ münasibət almağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Xatırlatma

Cəlilabad rayon sakini Faba Nuriyev əlillik dərəcəsinin kəsildiyinə görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya video müraciət ünvanlayıb.

O, prezidentdən xahiş edirdi ki, onun probleminə yardım etsin. Onun sözlərinə görə, 2017-ci ilin mart ayında II qrup əlillik dərəcəsi III qrupla əvəzlənib. Bundan sonra aidiyyatı dövlət qurumlarına və prezidentə müraciət edib.

2017-ci ilin avqust ayının əvvəlində isə onun ümumiyyətlə əlilliyi ləğv edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun