Əfqan Muxtarlı: 'Emin Milliyə əlləri çatmadığı üçün, məni həbs ediblər'

Əfqan Muxtarlı: 'Emin Milliyə əlləri çatmadığı üçün, məni həbs ediblər'
17 Avqust 2017
Mətni dəyiş

Avqustun 17-də Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Jurnalist məhkəmədə bəyanat verib. Bu barədə vəkil Nemət Kərimli məlumat verib. 

Abzas.net xəbər verir ki, Əfqan Muxtarlı çıxışında həbsinin birbaşa İlham Əliyev tərəfindən sifariş edildiyini deyib.

Jurnalist məhkəmədə bildirib ki, 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqlarına qarşı mübarizə aparır. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparıb, yazılar yazıb. Son dövrdəki yazıları əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ən çox ifşa olunduğu Meydan TV-də dərc olunub.

"Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu, ona əlləri çatmadığı üçün mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyim, onunla dostluq etdiyim üçün məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib..."

Ə.Muxtarlı çıxışında deyib ki, Azərbaycanda azad, demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparıb:

"Mübarizəmizin məqsədi o deyildi ki, Əliyevlər hansısa məmurların, müstəntiqlərin, prokurorların əli ilə Azərbaycanda idbar bir rejim qursun. Repressiyaları nə qədər artırsanız da, biz mübarizəmizi davam etdirəcək və qalib gələcəyik”.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib. Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.

Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.

Avqustun 17-də Nəsimi Rayon Məhkəməsində Əfqan Muxtarlının həbs müddəti 2 ay uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun