Yeni büdcə artımından kimə pay düşüb?

Yeni büdcə artımından kimə pay düşüb?
16 İyul 2017
Mətni dəyiş

Prezident İlham Əliyev 2017-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

Qanunun qüvvəyə minməsi barədə fərmanda ayrı-ayrı istiqamətlər üzrə artan xərclərin bölüşdürülməsi əks olunub. Pensiyaların ödənilməsinə əlavə vəsait ayrılmayıb, elm və kənd təsərrüfat üzrə xərclər də artmayıb. Əvəzində dövlət qurumlarının saxlanmasına, tikintiyə və digər sahələrə on milyonlarla manat əlavə maliyyə ayrılması nəzərdə tutulur.

"Təzə yorğan" daha çox dövlət qurumlarına çatıb

Dəyişikliklərə əsasən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılmasına ilin əvvəlində nəzərdə tutulandan (558,3 milyon manat) 64,2 milyon manat çox pul ayrılıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 120 min manat azaldılıb.

Xarici İşlər Nazirliyinin saxlanmasına isə gözləniləndən 2,8 milyon manat çox xərclənəcək.

Xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların saxlanmasına, eləcə də beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsinə 229 milyon manat deyil, 234,2 milyon manat tələb olunacaq.

Dəyişikliklərdən sonra qanunvericilik və icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri 118 milyon 970 min manatdan 182,3 milyon manata qalxıb. Büdcədənkənar maliyyələşməsi artan qurumlar arasında məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları da var. Onların xərcləri 172,4 milyon manatdan 184, 6 milyon manata çatıb.

Təhsilə, sosial müdafiəyə də əlavə pul ayrılıb

Orta ixtisas, ali və əlavə təhsilə ayrılan xərclər dəyişdirilməyib. Büdcənin təhsil üzrə 55 milyon manat artımı məktəbəqədər təhsilə (32,7 milyon manat), ilk peşə-ixtisas təhsilinə (5,9 milyon manat) və təhsil sahəsində digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə (16,6 milyon manat) yönəldilib. Maliyyə Nazirliyi bunu yeni bağçaların və peşə məktəblərinin tikintisi ilə əlaqələndirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamına sosial müdafiə tədbirləri üçün 32 milyon manat, sosial təminatın gücləndirilməsindən ötrü 67 milyon manat əlavə pul verilib. Bu vəsaitinin bir hissəsi sosial yardım alan şəxslərin biznes vərdişlərinin yaradılmasına yönəldiləcək.

Səhiyyəyə vur-tut 1 milyon 332 min manat əlavə vəsait ayrılıb. Maraqlıdır ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin səhiyyə müəssisələrinin dövlət büdcəsi hesabına saxlanması 2017-ci ildən dayandırılmışdı. Səbəb – həmin müəssisələrin özəlləşdirilməsinə hazırlığın görülməsi idi. Sonradan planlar dəyişdi, xəstəxana və poliklinikalar əvvəlki tək “Azərbaycan Dəmir Yolları”nın balansında saxlanıldı. Dəyişikliklərdən sonra ADY bu məqsədlə büdcədən 3 milyon manat alacaq.

Ən iri "tikə"lərdən bir tikinti bölməsinə düşüb

Dövlət əsaslı vəsait qoyuluşu xərcləri 2,5 milyard manatdan 2 milyard 692 milyon manata qaldırılıb. Bu ildən başlayaraq büdcə investisiyalarının bölüşdürülməsi ilə baş nazir Artur Rasizadə deyil, prezident İlham Əliyev özü məşğul olur. Ekspertlər deyirlər ki, ötən ilədək investisiya vəsaitləri üzərində necə sərəncam verildiyi müəyyən yollarla ictimaiyyətə bəlli olurdusa, indi bu məlumat qapalıdır.

Bu il əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə 100 milyon manat ayrılacaqdı. Mənzil İnşaatı Dövlət Ağentliyi büdcəyə edilən dəyişikliklərdən sonra 50 milyon manat əlavə vəsait alacaq.

"Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun 36 milyon manatlıq artımı tamamən "Azəravtoyol" QSC-yə çatacaq.

Başqa "xırda" xərclər də var

Məhkəmə qərarlarının icrası, məhkəmə prosesləri ilə bağlı göstərilən hüquqi yardım və digər xidmətlərə gözləniləndən 5 milyon manat çox - 11,3 milyon milyon manat sərf olunacaq.

Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması dövlətə əvvəlkindən qat-qat baha başa gələcək. Əgər ilin əvvəlində hökumət bu məqsədlə beynəlxalq reytinq agentliklərinə 2,7 milyon manat ödəməyi nəzərdə tuturdusa, indi bu məbləğ 7 milyon 350 min manat məbləğində qiymətləndirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun