Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev İrana səfəri çərçivəsində bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Əbuzər İbrahim Türkmən ilə görüşüb.
"Report"un məlumatına görə, İranın və Azərbaycanın zəngin və hərtərəfli mədəniyyətlərə sahib olduğunu deyən Ə.İ.Türkmən, Xəzəryanı ölkələrin Ortaq Mədəni Komitəsinin yaradılmasını təklifi ilə çıxış edib.
İranlı məmur 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli kimi elan olunmasının Azərbaycan xalqına mənəvi bərəkət bəxş edəcəyini ümid etdiyini bildirib. Həmçinin Ə.İ.Türkmən Təbriz şəhərinin 2018-ci ildə İslam Dünyasının Turizm Paytaxtı elan olunmasını qeyd edərək, bu hadisənin iki ölkə arasında ortaq mədəni layihələrin icra olunması üçün əlverişli zəmin yaradacağını bildirib.
Öz növbəsində, Ə.Qarayev Mədəniyyət və İslami Əlaqələr Təşkilatının İranda Azərbaycan Mədəniyyət Həftəsinin Təşkil olunması üçün proqramlar həyata keçirməsinə görə öz təşəkkürünü bildirdi.
Ə. Qarayev keçən il İranın Azərbaycanda Film Hətəsinin uğurla təşkil olunduğunu bildirərək, Azərbaycanın İran şəhərlərində mədəniyyət həftələri keçirməkdə maraqlı olduğunu bildirib.
Nazir İranın Təbriz və İsfahan şəhərlərində Azərbaycan Mədəniyyət Həftəsininin uğurla təşkil olunmasını qeyd edərək bildirib ki, bu tədbirlər iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün əlverişli zəmin yaradacaq.
Qeyd edək ki, iyulun 4-də Tehranda və İsfahanda start götürən Azərbaycan Mədəniyyət Həftəsi ayın 8-ə qədər davam edəcək.