Türkmənistanda «gülənçi»lərlə iş birliyində ittiham olunan azı 40 nəfərə hökm oxunub.
Bu barədə Azadlıq Radiosunun Türkmənistan bürosu məhkəmə orqanına istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, məhkəmə 5-7 iyul tarixlərində hökmlər çıxarıb.
Bildirilir ki, azadlıqdan məhrum olunanların böyük əksəriyyəti Türkmənistanda fəaliyyət göstərən Türk liseylərinin keçmiş əməkdaşları və məzunlarıdırlar. Bundan öncə, mayın sonunda 50-dən çox kişinin də eyni ittiham ilə azadlıqdan məhrum olunmaları barədə xəbər yayılmışdı. Bildirilirdi ki, onların məhkəməsi qapalı keçirilib və onlara 20 ilədək həbs cəzası verilib.
«Gülənçi»lər hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i dəstəkləyənlər, onun davamçıları sayılır. Türkiyə hökuməti F.Gülen-i iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. F.Gülen bu iddiaları rədd edir.