Türkiyədə bazar ertəsi Cumhuriyet qəzetinin 17 jurnalisti və meneceri "terrorçu təşkilatla əlaqə" ittihamı ilə məhkəməyə çıxacaq.
Əgər təqsirli bilinsələr, onlar birgə 43 il həbs cəzası ala bilərlər.
Haqlarında həbs-qətimkan tədbiri seçilən qəzetin işçilərinin 10 nəfəri təxminən doqquz aydır ki, azadlıqdan məhrum edilib.
"Mən ona toxuna bilmərəm. Mən onu qucaqlaya bilmirəm," jurnalist Turhan Günayın qızı Elif Günay deyir.
Elif Günay həftədə bir dəfə 71 yaşlı atasını bir saat müddətə görə bilir. O deyir ki, atasının bir çox sağlamlıq problemləri var, amma bu, atasının zaminə buraxılmasına səbəb verməyib.
Cənab Günay qəzetin kitab şöbəsinin redaktorudur.
Elif Günay deyir ki, o hələ də atasının niyə həbs edildiyini anlamır.
"Bu, siyasi işdir. Onlar jurnalist olduqlarına, işlərini gördüklərinə görə saxlanılıb."
Təxminən bir həftə öncə Türkiyə, baş tutmamış çevriliş cəhdinin bir illiyini qeyd edib, həmin gün "demokratiyanın zəfəri" adlandırılıb.
Lakin tənqidçilər deyirlər ki, həmin gündən az zaman sonra 50 min insanın həbs edilməsi ilə nəticələnmiş fövqəladə halın elan edilməsi əslində kütləvi repressiyanın başlanğıcı idi.
Media azadlığı qrupları deyirlər ki, bu dövrdə 150-dək KİV bağlanıb və 150-dən çox jurnalist saxlanılıb.
Lakin hökümət bu rəqəmlərlə razı deyil.
Ötən ay BBC-ə danışan prezident Recep Tayyip Erdoğan bildirib ki, ölkədə cəmi 2 jurnalist həbsdədir.
"Qalanları ya terrorçudur, ya silah daşıyıb, ya da ki ATM maşınlarını oğurlayıblar", o bildirib.
Bazar günü qəzetin sabiq redaktoru Can Dündarın da məhkəməsi başlayır.
Keçən il ona "casusluq" ittihamı ilə 3 aylıq həbs verilib və sonradan o zaminə buraxılıb.
Hazırda o Almaniyada, mühacirətdə yaşayır.
"Cənab Erdoğanın iki nəfər deyəndə kimi nəzərdə tutduğunu bilmək istəyirəm", cənab Dündar BBC-ə Skype-da deyib.
"Cənab Erdoğan tənqidə nifrət edir, O, hər tənqidi özünətəhqir və ya terror aktı kimi qəbul edir", cənab Dündar əlavə edib.
Hazırda bütün dünya jurnalistləri və media azadlıqları təşkilatları bazar ertəsi məhkəməsi başlayacaq Cumhuriyet qəzetinin jurnalistlərinin işini yaxından izləyir.
Cənab Dündar düşünür ki, bu işin necə bitməsi Türkiyənin gələcəkdəki hərəkətlərinin göstəricisi olacaq.
"Cumhuriyet Türkiyədə azad medianın son qəsrlərindən biridir. Bu qəsri itirsək, ölkəmizdə azad media olmayacaq", cənab Dündar düşünür.