10 İyul 2017
Mətni dəyiş
ABŞ mediası yazır ki, prezident Donald Trump-ın oğlu bir neçə nəfərlə 2016-cı il seçki kampaniyası zamanı Kremlə bağlı vəkillə görüşübmüş. Onlara demokratların namizədi Hillary Clinton-a ziyan vuracaq informasiya vəd olunubmuş.
“The New York Times” və “Washington Post” iyulun 9-da yazıblar ki, Trump-ın kürəkəni Jared Kushner və seçki kampaniyasının ozamankı rəhbəri Paul Manafort da iyunun 9-da keçirilmiş görüşə qatılıblar. Manafort sonradan seçki kampaniyasından getdi, Kushner isə prezidentin baş müşaviridir.
“TEZLİKLƏ BƏLLİ OLDU Kİ...”
Kiçik Donald Trump bəyanat yayaraq rusiyalı vəkil Natalia Veselnitskaya ilə görüşdüyünü etiraf edib, ancaq ad çəkməyib.
“Qadın bildirdi ki, əlində Rusiyaya bağlı şəxslərin Demokratik Milli Komitəni maliyyələşdirməsi və xanım Clinton-u dəstəkləməsi barədə informasiya var”, – the Times Kiçik Trump-a istinadla yazıb.
“Onun bəyanatları dumanlı, ikibaşlı idi, məntiqsiz səslənirdi. Heç bir detal, yaxud əlavə informasiya verilmədi. Tezliklə bəlli oldu ki, əlində heç bir mənalı informasiya yoxdur”, – o əlavə edib.
Kiçik Trump deyib ki, vəkil daha sonra rusiyalı uşaqların övladlığa götürülməsi və 2012-ci ildə qəbul olunmuş Magnitsky Aktına toxunub. Həmin qanunla insan haqları pozuntularında şübhəli sayılan rusiyalılara sanksiyalar qoyulub. Bu qanundan qəzəblənmiş prezident Vladimir Putin rusiyalı uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsini dayandırıb.
GÖRÜŞÜN ƏSL GÜNDƏMİ
“Mənə aydın oldu ki, görüşün əsl gündəmi budur və potensial yardımçı informasiya iddiaları bəhanədir”, – Kiçik Trump söyləyib.
Prezidentin hüquqi komandasının sözçüsü Mark Corallo bəyanat yayaraq bildirib ki, prezident Trump-ın oğluyla vəkil arasında 2016-cı ildə keçirilmiş görüşdən “xəbəri olmayıb və həmin görüşə qatılmayıb”.
ABŞ kəşfiyyat agentlikləri Rusiyanın ötən ilki prezident seçkisinə müdaxilə etməsi qənaətinə gəliblər. Konqresin azı iki komitəsi və Federal Təhqiqat Bürosu (FBI) bu ittihamları araşdırır. Trump komandasının üzvləriylə Rusiya rəsmiləri arasında təmaslar barədə məlumatlar da təhqiq olunur.
Prezident Trump hər hansı gizli razılaşmanı, Kreml seçkiyə müdaxilə barədə deyilənləri təkzib edib.