Tarif Şurası adlanan qurum notarius rolunu oynayaraq, yuxarıdan gələn göstərişə uyğun, benzinin qiymətini qaldırdı. İqtisadçılar bu məsələyə yetərincə şərh verib. Hər biri də qiymət artımının əsası olmadığını deyib. Yazının daha dolğun olması üçün onlardan qısa sitatlar işin faydasınadır – düşünürəm.
Qubad İbadoğlu: “Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Bu onu göstərir ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur. Lakin, hesab etmirəm ki, son zamanlar xərclərini rasionallaşdırmağa və gəlirlərini daxili bazarda təklif etdiyi məhsulların (neft, qaz) qiymətini bahalaşdırmaqla artırmağa çalışan SOCAR-ı borc bataqlığından və ildən-ilə artan ziyandan xilas edəcək. Bunun üçün SOCAR-da idarəetmə islahatları ilə yanaşı yenidən strukturlaşdırma tədbirləri həyata keçirilməlidir”.
Samir Əliyev: “Qiymət artımı üçün əsas yoxdur. Yeganə əsas SOCAR-ın vəsaitləri səmərəsiz xərcləməsi və sürətli borclanmaya getməsidir. 98 və 95 markalı yanacağın qiyməti sərbəstləşib. SOCAR-dan tələb olunan 92 markalı benzin və dizel yanacağının maya dəyərinin şişməsinə imkan verməmək idi. Bunu da edə bilmədi. Qiymət artımından qaçmaq olardı, təəssüf ki, hökumət artıma getdi. Bundan sonra artım növbəsi nəqliyyat sisteminin olacaq. Eyni zamanda digər sahələrdə də bahalaşmanı şərtləndirəcək”.
Nemət Əliyev: “Tarif Şurasının dünən qəbul etdiyi qərar əsası olmayan və yersiz qərardır. Nə üçün? Ona görə ki, ölkədə benzin istehsalı 11,3% artsa da (yanvar-may), benzin istehlakı 5,5% (yanvar-mart) azalıb. Deməli, bazarda bu məhsula olan tələbin azalmasına baxmayaraq, təklif göstəricisi artıb. Elementar iqtisadi təhsili olanlar da başa düşə bilər ki, belə bir şəraitdə qiyməti artırmazlar! Əksinə, ucuzlaşdırarlar! Ucuzlaşdırarlar ki, satışın həcmi artsın.
Satış artmalıdır ki, mal anbarlara yığılmasın. Bu yolla həm əlavə itkilərin qarşısı alınar, həm də istehsalda tempin aşağı düşməsinə yol verilməz. Anlaşılan budur ki, benzinin qiymətini bahalaşdıranlar bu elementar gerçəyi və məntiqi nəzərə ala bilməyiblər (bəlkə də nəzərə almaq istəməyiblər). Əhalinin alıcılıq qabiliyyətinin, müəssisələrin (sahibkarların) maliyyə durumunun hazırkı şəraitdə çox pis olmasını da buraya əlavə etsək, o zaman bu Qərarın nə dərəcədə əsassız və yersiz olması rahat təsəvvür olunar”.
Rövşən Ağayev: Tarif Şurasının qərarından aydın olur ki, bu qərarla dəyişən təkcə A-92 benzinin qiyməti deyil.
Neft Şirkətinin şirkətdaxili topdansatış qiymətindən dövlət büdcəsinə ödədiyi aksizin dərəcəsi 67%-dən 42%-ə endirilib. Nəticədə əgər əvvəl SOCAR hər ton üçün 267.7 manat aksiz ödəyirdisə, indən sonra 260 manat ödəyəcək. Əgər aksiz dərəcəsini endirməsəydilər,
SOCAR büdcəyə hər ton üçün 415 manat ödəməli idi. Şirkətdaxili tarif hər ton üçün 411.91 manatdan 619.36 manata yüksəlib.
Topdansatış qiymət hər ton üçün 817 manatdan 1052.8 manata yüksəlib. Yəni hər ton topdansatış qiymətdən 235.8 manat, aksizlərdən isə 7 manat – ümumilikdə 245.8 manat əlavə qazanc əldə edəcək. Pərakəndə satış isə əvvəl hər tondan 100 manat qazanırdı, indi 126 manat qazanacaq”.
Başqa iqtisadçıların da mövqeyi bunlara uyğun olduğundan sitatlarla sizi yormaq istəmirəm. Saxta deputat Fəzail İbrahimlikimilər fəsiləsindən olanların mövqeyi isə, düşünürəm ki, sizin üçün də maraqsızdır. Dünya yaranışdan belədir; hərə balasına bir yolla çörək qazanır. Bəziləri bunu dilə də gətirir: balam var…
Gələk Tarif Şurasının qərarlarına. Bir daha xatırladaq: söhbət notarial qurum olan Tarif Şurasından gedir. Hər dəfə qiymət artımından sonra müxtəlif saytlar, qəzetlər, deputatlar, bir sözlə, hakimiyyətin “yanbızını bir az altdan öpənlər” ortaya çıxır və prezidentin qiymət artımından xəbərsiz olduğunu deyirlər. Arada bu “priyom”dan hakimiyyətdəkilər yararlanıb. İlham Əliyev ölkədə olmayanda benzinin qiyməti qaldırılmışdı. Guya qayıdan kimi bundan xəbər tutub qaldırılan qiyməti 2 qəpiklik endirmişdi. Buna elə 2 qəpiklik siyasət deyilir. Bütün bunlar göstərir ki, Fəzail İbrahimlikiləri ortaya atan da hakimiyyətdir.
İndi keçək Tarif Şurasının fəaliyyətini tənzimləyən əsasnaməyə.
«Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı var. 26 dekabr 2005-ci ildə imzalanıb. 5 bəndlik fərmanın 4-cü bəndində yazılana siz də baxın:
[caption id="attachment_29943" align="aligncenter" width="1000"] Rövşən Hacıbəyli[/caption]“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) tənzimlənməsi ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin”.
Bu qurumu prezident yaradıb və onlar ildə iki dəfə ona hesabat verməlidirlər, ancaq bu hesabatı verib-vermədiklərini bilmirik. Hesabat verməsələr belə, atdıqları hər bir addımın təlimatını PA-dan alırlar. Hesabat verməksə o anlama gəlir ki, verilən tapşırığa uyğun hərəkət edirlər.
Əsasnamənin başqa bir bəndinə baxaq:
4.1. Şuranın sədri və üzvləri mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
Prezidentin təyin etdiyi kadrların ondan xəbərsiz hər hansı addım atmasını təsəvvür edirsinizmi? Həm də Azərbaycan şəraitində. Bu lap İbrahim Mehdiyevlə “Hacı Cavad” məscidi oyununa oxşadı. Əslində, “prezidentin bundan xəbəri yoxdur” deyənlər, yazanlar dövlət başçısını aşağıladıqlarının, onun heç nəyi həll etmədiyi qənaəti yaratdıqlarının fərqində olmalıdılar.
Əsasnamənin başqa bir bəndinə də birlikdə baxaq:
“4.10.3.Şuranın iclaslarında səsvermə açıq şəkildə keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədri həlledici səsə malikdir”.
İndi kimdə xəbər var ki, konkret son qərarda səsvermə necə olub, kim lehinə, kim əleyhinə səs verib? Sədrin müdaxiləsinə ehtiyac olubmu, kim qərarın xalqın ziyanına olduğunu deyib? Bizdə bu məlumatlar yoxdur. Ancaq Şuranın Əsasnaməsində belə bir bəndin olduğundan xəbərimiz var, həmin bəndi prezident də təsdiqləyib. Orda yazılır:
4.13. Şuranın iclaslarında baxılan məsələlər barədə məlumat Şuranın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Şuranın internet saytı vasitəsilə yayılır”.
Şuranın saytında qiymət artımı ilə bağlı xəbər var, ancaq o xəbərdə kimin necə səs verdiyi barədə bir kəlmə də yoxdur. Bizim informasiya almaq hüququmuzu pozmaqda şuranın məqsədi nədir? Oxucu, vətəndaş, kütləvi informasiya vasitəsi təmsilçisi kimi niyə baş verənlərdən xəbərsiz olmalıyıq? Sədr və ya Katiblik bunu həm də informasiya sorğusu olaraq qəbul edib cavab göndərsin.
4.12. “Şuranın iclaslarına dəvət olunan ekspert və məsləhətçilər yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququna malikdirlər”.
Bu da əsasnamənin bəndlərindən biridir. Ancaq bununla bağlı da Tarif Şurasının saytında yayılan xəbərdə heç nə yoxdur. Konkret Aİ-92 benzininin qiymətinin artırılmasıyla bağlı şuranın iclasına hansı ekspertlər dəvət olunub? Onlar hansı təkliflər verib, hansı məsələyə rəy bildirib. Niyə xalqdan gizli qalmalıdır? Bəlkə elə söyüləsi, qınaq obyekti Tarif Şurası üzvləri yox, həmin ekspert və məsləhətçilərdir. İnformasiya yaymağa məsul olan Şura sədri və Katiblik niyə özünü zərbə altında qoyur?
Suallara cavab verin, hörmətli səlahiyyət yiyələri!
Daha bir məqamı da vurğulamağı borc bilirik. Qiymət artımı ilə bağlı TŞ-nin qərarları barədə bu qurumun saytında yerləşdirilən xəbərlərdə yaltaqlıq elementləri var. Məsələn, sonuncu qiymət artımı ilə bağlı xəbər belə başlayır:
“Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir…”
Ancaq qiymət tənzimlənməsi (guya endirilməsi – R.H.) ilə bağlı bu saytda gedən bütün xəbərlər İlham Əliyevin adı ilə başlayır.
“Əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılması, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi strategiyasının əsas məqsədidir”.
29.12.2010-un xəbəridir. Bakı-Naxçıvan reysinə təyyarə biletlərinin qiymətinin endirilməsi ilə bağlıdır. Yaxud dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı TŞ-nin iclasından xəbər:
“Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 22 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilmişdir”.
25.08.2015. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir”.
Bu cür sitatlar çoxdur, sadəcə sizi yormaq istəmədik. Özünüz http://www.tariffcouncil.gov.az saytına girməklə bütün bunların şahidi ola bilərsiniz. Təbii ki, istəsəniz…