"Akif Çovdarovun mənimlə bağlı bütün açıqlamalarını rədd edirəm".
Bunu APA-ya açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.
"Akif Çovdarovun məhkəmədə mənim ünvanıma dediklərinin hamısı yalandır. Bunlar sadəcə quru, sübutu olmayan, əsassız ittihamlardır. Özü həbsdə olan şəxsin başqasına qara yaxması, iftira atması gözləniləndir. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar" deyə T. Əhmədov bildirib.
Sabiq rəis deyib ki, Bakı Metropoliteninin rəisi vəzifəsində çalışdığı illər ərzində qanunsuz işlə məşğul olmayıb: "Vəzifəmdən heç vaxt sui-istifadə etməmişəm. Məqsədim hər zaman mənə göstərilən etimadı doğrultmaq, xalqıma xidmət etmək olub. Mənim dövlətimiz qarşısında xidmətlərim var. Hazırda da öz işimin başındayam. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədriyəm. Bununla yanaşı, ali məktəblərdən birində pedaqoji fəaliyyətimi davam etdirirəm".
T. Əhmədov hazırda məzuniyyətindən istifadə etdiyini, buna görə də Bakıda olmadığını qeyd edib: " Ona görə də deyilənlərə geniş aydınlıq gətirə bilmirəm. İndi sadəcə bir söz deyə bilərəm, barəmdə söylənilənlər böhtandır. Bəzi adamlar xidmətlərimə kölgə salmaq, qara yaxmaq istəyirlər. Bu isə baş tutmayacaq. Əziyyətləri özlərinə qalacaq. Gəlin etiraf edək ki, Akif Çovdarovun məhkəmə proseslərində səsləndirdiyi fikirlərin hamısı həqiqət olsa, o zaman gərək ölkənin yarısı həbs olunsun. Həbsdə olan insanın başqalarına qara yaxmaq istəməsi başadüşüləndir. Əlbəttə, hazırda bu işlə bağlı istintaq davam edir. Son sözü hakim deyəcək. Mən ədalətin bərqərar olunacağına əminəm. Onun dediklərinin böhtan olduğu, heç bir həqiqəti əks etdirmədiyi gec-tez üzə çıxacaq. O, dövlətinə xəyanət etmiş, ona həvalə olunmuş vəzifədən şəxsi mənafeyi naminə sui-istifadə etmiş biri kimi öz layiqli cəzasını alacaq”.
Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarov məhkəmədə verdiyi ifadəsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu korrupsiyada və dövlət vəsaitini mənimsəməkdə ittiham edib. O, Tağı Əhmədovun Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada biznesinin və evlərinin olduğunu qeyd edib, ünvanlar açıqlayıb.