Müxtəlif ticarət obyektlərində satışda olan dondurmaların tərkibində insanların sağlamlığı üçün təhlükəli olan mikroorqanizmlərin miqdardan artıq olduğu müəyyən edilib.
Bu, İqtisadiyyat Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub.
Nazirliyin iyulun 18-də yaydığı xəbərdə deyilir ki, "İçəri şəhər" qəhvəli, "Pristij" çiyələkli, "Pristij" qozlu, "Əsl" plombir; "A.Y.S-60" MMC-nin istehsal etdiyi "Südlü" klassik və "A-klass" dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
2 gün keçməsinə baxmayaraq, paytaxtın bəzi böyük mağazalarında siyahıda adı keçən dondurmaları görmək mümkündür, hələ də bu dondurmalar insanlara satılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə təəssüflənir ki, İqtisadiyyat Nazirliyinin informasiyasında bu hadisənin hansı tarixdə buraxılmış məhsula aid olduğu barədə dəqiq bir informasiya yoxdur:
"Ola bilər ki, istehsalçı müəssisənin avadanlığı bakteriyalarla kirlənmiş olsun, o zaman həmin partiya istehsal olunmuş bütün məhsullar təhlükəli olur. İqtisadiyyat Nazirliyi məlumatı yarımçıq şəkildə yayır, ona görə də istehlakçılar çox gərginlik keçirirlər. Bu hal ilə dəfələrlə qarşılaşmışıq, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, qanun olmayan yerdə isə cinayət baş verir. Çox üzücü haldır ki, Azərbaycan bazarında belə anormal hallar daha öncə də baş verib. İki il öncə həmin o müəssisələrdən birinin rəhbərini eyni səbəbdən dolayı həbs etmişdilər və daha sonra həmin dondurmaların nəinki satışdan yığışdırıldığını, hətta reklamını da efirdə görürdük”.
İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "Toplum"-a bildirib ki, bununla bağlı tədbir görülür və praktik iş aparılır.