Sosial cəhətdən ölkələrin reytinqi: Azərbaycan yenə regionda sonuncudur

Sosial cəhətdən ölkələrin reytinqi: Azərbaycan yenə regionda sonuncudur
7 İyul 2017
Mətni dəyiş

Amerikanın 'Social Progress Imperative' təşkilatı 2017-ci ildə dünyanın sosial cəhətdən ən mütərəqqi ölkələrinin siyahısını açıqlayıb.

Azərbaycan qibtə doğuran sabitlik nümayiş etdirərək, hazırki reytinqdə 76-cı yeri tutub və yenidən "Lower Middle" ("ortadan aşağı") ölkələr kateqoriyasına düşüb. Bu il üçün sosial tərəqqi (The Social Progress Index - TSPI) indeksi www.socialprogressindex.com saytında dərc edilib.

İnsanların həyat keyfiyyətini səciyyələndirən bir sıra meyarlar üzrə qlobal araşdırma dünyanın 130-a yaxın dövlətini əhatə edib. Ekspertlər ölkələri aşağıdakı meyarlara görə qiymətləndiriblər: tibb, sanitariya, həyat şəraiti, təhsil, texnologiyalardan istifadə, seçim və söz azadlığı, tolerantlıq və insan hüquqlarının müdafiəsi.

Ən yüksək balları alan və müvafiq olaraq reytinqdə birinci yeri tutan Danimarka olub. İkinci yeri Finlandiya tutub, o, ötən il lider idi. İlk üçlüyü İslandiya bağlayır.

Ötən illə müqayisədə Azərbaycan yalnız bir pillə irəliləyib, amma yenə də nisbətən əlverişsiz ölkələr qrupunda qalıb. "Təməl məlumatları əldə etmə", "qidalanma və təməl tibbi xidmət" meyarlarına görə ölkə yüksək göstəricilər göstəribsə (müvafiq olaraq 98,42 və 96,18 bal), "mənzil", "su təchizatı və sanitariya", "şəxsi təhlükəsizlik" kateqoriyalarına görə nəticələr o qədər də sevindirici deyil - müvafiq olaraq 82,40, 76,97 və 75,10 bal.

Amma "şəxsi hüquqlar" (18,40 bal), "tolerantlıq və inteqrasiya" (39,90 bal), "şəxsi azadlıq və seçim" (48,17 bal), "ali təhsil əldə etmə" (51,53 bal), "ətraf mühitin keyfiyyəti" (59,42 bal) ümumiyyətlə qorxuncdur. Bu, o deməkdir ki, bizdə vətəndaşların şəxsi hüquqları sahəsində vəziyyət Somali ilə eynidir, hakimiyyətin bəyanatlarına baxmayaraq, tolerantlıqla bağlı vəziyyət də qaydasında deyil.

Araşdırmaların nəticələrinə görə, ali təhsil əldə etmək imkanları məhduddur. Deməli, heç də bütün məktəb məzunlarının ali məktəbdə təhsil almaq, peşə qazanmaq imkanı yoxdur. Bundan başqa, bizdə ekologiya ilə bağlı vəziyyət də yaxşı deyil.

Azərbaycan Cənubi Qafqazda sonuncu yerdə

"Korrupsiya bataqlığına batmış" qonşu Ermənistan 69,01 bal yığıb və TSPİ-də 59-cu yeri tutub. Regionda lider reytinqdə 53-cü yeri tutan Gürcüstan olub. Tədqiqatçıların rəyinə görə, bu ölkədə təməl təhsil əldə etmək (99,26), qidalanma və təməl tibbi xidmət (95,96), su və sanitariya (90,26), şəxsi təhlükəsizlik (82,87) və mənzil (79,48) sahəsində vəziyyət digərlərindən yaxşıdır. Ali təhsil əldə etmə səviyyəsi 55,8 bal, şəxsi azadlıq və seçim 57,87, ətraf mühitin keyfiyyəti 58,74 bal, sağlamlıq və rifah 62,85 baldır.

Siyahıda daha sonra Türkiyə (61-ci yerdə), Ukrayna (64-cü yerdə), Belarus (65-ci yerdə), Rusiya (67-ci yerdə), Qazaxıstan (74-cü yerdə) gəlir.

Autsayderlər üçlüyünə Mərkəzi Afrika Respublikası (28,38), Əfqanıstan (35,66) və Çad (35,69) daxil olub. Qiymətləndirmələr BMT-nin və elmi institutların statistik məlumatlarına, sorğuların nəticələrinə və beynəlxalq hüquq müdafiə təşkilatlarının məlumatlarına əsaslanır.

Aşağıdakı xəritədən ölkələrlə bağlı daha detallı məlumatlara baxa bilərsiniz.  

 

Müstəqil ekspert, iqtisad elmləri namizədi Azər Mehdiyev qeyd edir ki, Azərbaycan hakimiyyəti imic və nüfuz üçün adambaşına düşən ÜDM göstəricisindən, sənayenin inkişafından və s. istifadə edir. Amma iqtisadi göstəriciləri sosial göstəricilərdən ayırmaq lazımdır. Büdcənin doldurulması vəsaitlərin ünvanlı və səmərəli xərclənməsi demək deyil.

"Azərbaycan MDB-də ən pis göstəricilərə malikdir"

"SPI indeksində "ortadan aşağı" kateqoriyasında tutduğu yer və ölkədə insanların sosial müdafiəsi üzrə göstəricilər açıq-aşkar bu sistemin səmərəsiz işlədiyini göstərir. Orta əmək haqqı və pensiya məbləğlərinə görə Azərbaycanın göstəriciləri MDB-də ən pis göstəricilərdir.

Bu sistemdə ən zəif halqa səhiyyədir. Kifayət qədər maliyyələşməmə, ayrılmış vəsaitin xərclənməsinin qeyri-şəffaflığı əlavə yığımlara və rüşvətlərə səbəb olub. Araşdırmalar göstərib ki, xəstələr tibbi xərclərinin 75%-ni öz ciblərindən ödəyirlər", deyə ekspert qeyd edir.

Azərbaycanın nümunəsində açıq-aşkar görünür ki, iqtisadi yüksəliş heç də həmişə həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxarmır. Kurort zonalarında yaşayış komplekslərinin, otellərin olmasına baxmayaraq, insanlar öz ölkələrində istirahət edə bilmirlər. Yüksək təhsil haqqı ilə əlaqədar heç də hamı ali məktəblərdə təhsil ala bilmir.

Bütün bunların səbəbi sosial sahənin səmərəsiz maliyyələşdirilməsi, korrupsiyadır. Deməli, təhsil, səhiyyə, əmək hüquqlarının müdafiəsi sahələrində şəraiti yaxşılaşdırmaq üçün rüşvətə, inhisara son qoyulmalı, iqtisadiyyatda liberal islahatlar aparılmalı, siyasi azadlıqlar, normal biznes mühiti təmin edilməlidir. Amma hazırki hakimiyyət bu islahatlara hazırdırmı?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun