Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta "Amerikanın Səsi"nə müsahibə verib. Müsahibədə iki ölkə arasındakı 25 illik münasibətlərin yekunlarından və perspektivlərindən danışıb.
Səfir Robert Sekuta müsahibəsinə aşağıdakı bəyanatla başlayıb.
Çox yaxşı vaxtda görüşürük. Biz çox önəmli bir neçə əlamətdar hadisəni qeyd edirik. İyulun 4-də Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü idi. Bu yaxınlarda ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin 25-ci ildönümünü qeyd etmişik. Digər bir tarixi hadisə də yaxınlaşmaqdadır. Bu, Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə yaradılmasının 100 illik yubileyidir.
Müxtəlif səpkidə olan tədbirlər və eyni zamanda əlamətdar tarixlər ABŞ-Azərbaycan arasında münasibətlərə təkan verən bir təcrübədir.
"Prezident Tramp Azərbaycana məktublar ünvanlamışdır"Müxtəlif səpkilərdə tədbirlər həyata keçirilir. Bunlardan biri iqtisadi sahədə əməkdaşlıqdır ki, Azərbaycan burada çox vacib, aparıcı, açar bir rol oynayır. Bu isə Azərbaycanın enerjisinin inkişafı və "Cənub" Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsi ilə Avropanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdir.
Bilirsiniz ki, prezident Tramp səlahiyyətlərini həyata keçirməyə başlayandan sonra Azərbaycana məktublar ünvanlamışdır. Bu məktublarda müxtəlif səpkidə olan məsələlərin vacibliyi vurğulanmışdır. Məktublarda demokratiya, insan haqları sahəsində aparılan iş vurğulanıb. Eyni zamanda, korrupsiyaya qarşı aparılan mübarizə sahəsində səylər kimi məsələlər prezident Trampın məktubunda öz əksini tapıb.
Digər bir sahəni də vurğulamaq istərdim. Bu, Azərbaycanın təhlükəsizlik sahəsində oynadığı rol və təhlükəsizlik sahəsində verdiyi töhfələrdir. Biz bilirik ki, Azərbaycan vaxtilə bu fəaliyyətləri həyata keçirib və hal-hazırda da bu fəaliyyətləri həyata keçirir. Azərbaycan əsgərləri Əfqanıstanda həyata keçirilən təhlükəsizlik tədbirlərinə öz dəstəyini verir. Eyni zamanda, Kosovoda və İraqda da təhlükəsizliyin təminatı istiqamətində Azərbaycan öz töhfəsini verib.
"Biz yardım göstərmək fəaliyyətindən inkişafa təkan verən fəaliyyətə keçmişik"Digər bir məqam da var. Bu, cari məqamda həyata keçirilən yüksək bir fəaliyyətdir. Siz özünüz də bilirsiniz ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bu istiqamətdə fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin axtarışı ilə məşğuldur.
Ümumiləşdirərək demək istərdim ki, ABŞ Azərbaycanın çox fəal olan bir tərəfdaşıdır. Bu fəallıqla Azərbaycanla birgə fəaliyyət göstərərək Azərbaycanın daha güclü, daha sabit, daha demokratik, daha firəvan və müstəqil bir dövlət kimi inkişafını təmin etmək üçün tərəfdaşlığı həyata keçiririk.
- ABŞ-Azərbaycan münasibətlərinin qurulmasının 25 ili tamam oldu. 25 ili iki ölkənin münasibətlərində necə xarakterizə edərdiniz? Hansı sahələrdə daha çox irəliləyişlər olub, hansı sahələrdə problemlər var?
Robert Sekuta - Münasibətlər barədə danışarkən qeyd etmək istərdim ki, son bir neçə il ərzində münasibətlərin inkişafını nəzərdən keçirmişik.
Ümumiyyətlə, inkişaflar barədə danışarkən iqtisadi sahədə göstərdiyimiz fəaliyyət barədə danışmaq istərdim. Bu kimi fəaliyyətlərə misal kimi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən həyata keçirilən müxtəlif layihələri göstərmək istərdim. Bu layihələr bilavasitə Azərbaycanın iqtisadi sahədə olan inkişafına təkan vermək, ümumiyyətlə, Azərbaycanın iqtisadi sahədə olan işlərinin sayını artırmaq, eyni zamanda, fərdi fəaliyyətlə məşğul olan insanlara yardım göstərmək kimi fəaliyyətləri nəzərdə tutur.
Bundan əlavə, onu da qeyd etmək istərdim ki, 1993-cü ildən bəri ABŞ yardım qismində Azərbaycana 1,3 milyard dollar vəsait ayırıb. O vaxtdan indiyədək olan fəaliyyətlərə nəzər yetirsəniz görərsiniz ki, biz artıq yardım göstərmək fəaliyyətindən daha çox inkişafa təkan verən fəaliyyətə keçmişik. Bu sahədə müsbət məqamlar barədə danışanda deyim ki, müxtəlif səpkili fəaliyyətlər həyata keçirilir. İqtisadi sahədə "Cənub" Qaz Dəhlizi və Əsrin Müqaviləsi də daxil olmaqla, müxtəlif fəaliyyətlər mövcuddur.
"Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə dövlətdir"Eyni zamanda, Azərbaycan NATO ilə tərəfdaşlıq edərək Kosovoda, İraqda, Əfqanıstanda təhlükəsizliyin təminatında öz töhfələrini verib.
Biz bilirik ki, Azərbaycanın dünyada terrorçuluğa qarşı oynadığı rol çox mühümdür. Fürsətdən istifadə edərək deyim ki, keçmiş prezident Heydər Əliyev Nyu-Yorkda, Vaşinqtonda həyata keçirilən terror hücumlarından (2001-ci il 11 sentyabr-red) sonra münasibət bildirən ilk prezidentlərdən, Azərbaycan isə münasibət bildirən ilk dövlətlərdən olub.
Digər fəaliyyət də var. Bu da "Şimal" Paylaşma Şəbəkəsidir ki, biz bu sahədə də Azərbaycanla birgə fəaliyyət göstəririk.
- ABŞ hökuməti zaman-zaman Xəzər regionunda təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələlərini aktuallaşdırır. Hazırda "İpək Yolu" Nəqliyyat Dəhlizi və "Cənub" Qaz Dəhlizi layihələri baxımından regionda təhlükəsizlik məsələləri ABŞ siyasətində nə qədər aktualdır?
- Bu, çox vacib bir sualdır. Düşünürəm ki, sualın cavablandırılması üçün çox vacib açar olan məqamlar var. Bu suala, sadəcə, iqtisadi təhlükəsizlik kontekstində deyil, ümumi təhlükəsizlik kontekstində cavab vermək istərdim.
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən iş, ümumiyyətlə, enerji təhlükəsizliyi ümumi təhlükəsizliyin çox mühüm, vacib olan amillərindən biridir. Enerji təhlükəsizliyini təmin edə bilməyən dövlət, ümumiyyətlə, öz gələcəyi ilə bağlı müəyyən çağırışlarla üzləşir. Bu dövlət insanları, sadəcə, isti evlərdə yaşatmalıdır. Düşünürəm ki, Azərbaycanın enerji təhlükəsizliyinin təminatı istiqamətində rolu həqiqətən də nəzərə çarpıcıdır və çox vacibdir. Azərbaycan enerji təhlükəsizliyinin təminatı istiqamətində çox fəal və vacib rol oynayıb, hal-hazırda da oynayır, gələcəkdə də oynamağı gözlənilir. Düşünürəm ki, Azərbaycanın keçmişdə neft, hazırda qaz ehtiyatlarını enerji təhlükəsizliyi istiqamətində yönəltməsi həqiqətən də çox böyük əhəmiyyət daşıyır.
"Azadlıq" radiosu Amerika üçün çox vacib məsələdir"O ki qaldı sizin vurğuladığınız "İpək Yolu" layihəsinə, bu, həqiqətən də çox vacib bir layihədir. Bunu hal-hazırda da vəzifədə olan və prezident Buşun komandasında işləyən Qubernator Sunun da vurğulamışdı. Bu layihənin gündəliyi ondan ibarətdir ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə dövlətdir. Bu konteksti nəzərdə saxlasaq, Cənubi Qafqazdan keçən və bu dövlətləri birləşdirən bir nəqliyyat dəhlizinin vacibliyini yenidən nəzərdən keçiririk, bunun vacibliyini çox yaxşı anlayırıq.
Yenidən təhlükəsizlik amilinə qayıtmaq istəyirəm. İqtisadi təhlükəsizlik barədə danışdıq. Azərbaycanın coğrafi yerləşməsini də nəzərə almalıyıq. Biz başa düşürük ki, Azərbaycan Yaxın Şərq dövlətlərinə nisbətən yaxın olan bir dövlətdir. Bu istiqamətdən Azərbaycana nəzər yetirsək, biz israrlıyıq ki, təhlükəsizlik sahəsində müəyyən məsələlər var ki, biz bu məsələlərin birgə çözülməsi istiqamətində Azərbaycanla birgə işləməliyik.
- Bəs Azərbaycanla bağlı risklər nə ola bilər?
- Risklər barədə danışarkən biz başa düşürük ki, dünya son zamanlar heç də asan olmayıb. Yalnız Azərbaycan deyil, biz hamımız risklərlə üzləşməkdəyik. Bizim vəzifə borcumuz, işimiz məhz ondan ibarətdir ki, bu bölgənin, Azərbaycanın yerləşdiyi bölgənin, ümumiyyətlə, təhlükəsizlik istiqamətində olan çağırışları ilə özümüzü tanış edək. Birgə fəaliyyət göstərərək təhlükəsizlik sahəsində çağırışları ünvanlaya bilək.
"Qanunun aliliyi, demokratiya və insan haqları münasibətlərimiz üçün çox böyük əhəmiyyət daşıyan bir sahədir"
- ABŞ ikitərəfli münasibətlərin əsas prioritetləri kimi təhlükəsizlik, enerji və demokratiya sahələrini xarakterizə edir. Demokratiya sahəsində ikitərəfli münasibətlərin hazırki durumu ABŞ administrasiyasını qane edirmi?
- Bu məsələlər barədə danışarkən sözü gedən sahələri bir-biri ilə sıx bağlı olan üçbucağın bucaqları kimi təsəvvür etmək istərdim. Başa düşürük ki, danışdığımız hər bir sahə bizim üçün çox böyük əhəmiyyət daşıyır və onlar bir-birindən asılıdır. Misal üçün, qanunun aliliyi, demokratiya və insan haqları barədə danışarkən başa düşürük ki, ümuimiyyətlə, sözügedən sahə bizim münasibətlər üçün çox böyük əhəmiyyət daşıyan bir sahədir.
Bir misal göstərim. Azərbaycan hökuməti ilə həmişə xarici sərmayələrin Azərbaycana cəlb olunmasından danışırıq. Ümumiyyətlə, dövlətlər xarici sərmayələrin cəlb olunması istiqamətində bir-biri ilə rəqabət aparır. Bu, tam aydın olan bir məsələdir. Amma xarici sərmayələri cəlb etmək üçün bir neçə vacib amil mövcud olmalıdır. Onların arasında iş yerlərinin yaradılması, iş yerlərinin saxlanılması, eyni zamanda, qanunun aliliyi, tam müstəqil fəaliyyəti ilə seçilən məhkəmə sistemi mövcud olmalıdır. Buna əlavə olaraq, mövcud olan qanunvericiliyə hörmətlə və rəğbətlə yanaşılmalıdır. Qlobal problem olan korrupsiyaya qarşı təzyiqlər göstərilməlidir. Yəni, korrupsiyaya qarşı fəaliyyətlər göstərilməlidir ki, xarici sərmayələr cəlb edilə bilsin.
"Müəyyən insanlar düşünür ki, beynəlxalq icma Dağlıq Qarabağ münaqişəsini çox asanlıqla həll edə bilər"Dəyərlər ABŞ-ın digər dövlətlərlə də münasibətlərini qurmasında vacib məsələdir. Siz prezident Trampın həm Əl-Riyadda, həm Konqresdə etdiyi çıxışları eşitmisiniz. Bunun ardınca dövlət katibi Tillerson da dəfələrlə deyib ki, ABŞ bir növ dərs öyrətmək deyil, sadəcə olaraq, müəyyən demokratik dəyərlərin vacibliyini yenidən vurğulamaq istəyir. Yəni, sözügedən dəyərlər saxlanıldığı təqdirdə dövlətlərdə həm sabitlik, həm də inkişaf təmin olunur. Sözügedən üç sahə barədə danışanda, - iqtisadi münasibətlər, təhlükəsizlik sahəsində əməkdaşlıq, insan haqları və demokratiya, - bu üç amil həqiqətən bir-biri ilə sıx bağlıdır. Yəni, bu üç amil bilavasitə bizim münasibətləri müəyyənləşdirir.
Hətta terrorçuluğa qarşı aparılan fəaliyyətlər barədə danışsaq, yenə də görərsiniz ki, təhlükəsizlik sahəsində olduğu kimi, digər amillərin də təhlükəsizlik sahəsinə çox böyük təsiri var və çox vacibdir. Ümumiləşdirərək deyə bilərəm ki, ABŞ-ın münasibətləri bizim dəyər verdiyimiz dəyərlərin əsasında formalaşır.
- Münasibətlərin 22-ci ilində ABŞ-ın "Azadlıq" radiosunun Bakı ofisinin qapıları bağlanıb. Münasibətlərin 25-ci ilində isə radionun saytına girişə blok tətbiq edilib. Bu barədə fikirləriniz necədir? Radionun Bakı ofisinin işini bərpa etməsi ilə bağlı danışıqlar mövcuddurmu, perspektivə necə baxırsınız?
- Bu, Amerika Birləşmiş Ştatları üçün çox vacib olan bir məsələdir. Məsələnin vacibliyini vurğulamaq istəyirəm. Biz bu məsələni Azərbaycan hökuməti ilə müzakirə edirik. Sadəcə olaraq, bu diplomatik müzakirələr olduğundan detalları barədə danışmaq istəməzdim.
- Bəs perspektivi necə görürsünüz?
- Təkrar vurğulamaq istərdim. Bu, ABŞ üçün çox vacib bir məsələdir və ABŞ bu məsələnin Amerika-Azərbaycan münasibətlərində çox vacib olduğunu yenidən anlayır və başa düşür.
- Diplomatik münasibətlərin 25 ili ərzində regionda başlıca təhlükə kimi Dağlıq Qarabağ münaqişəsi göstərilir. Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan əsas beynəlxalq və yerli amillər nədir?
- Bu suala cavabı belə başlamaq istəyirəm. İlk öncə Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə həll oluna bilməz. ABŞ çox fəal və çox enerjili şəkildə ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərərək Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə razılaşdırılmış həll yolunun tapılmasında yardım göstərir. Son zamanlar mənim dostlarım, səfir Uorlik, səfir Hoqland bu istiqamətdə əzmkarlıqla fəaliyyət göstərir. Düşünürəm ki, siz onların da bəyanatlarını oxumusunuz. Eyni zamanda, ümid edirəm ki, Vaşinqtonun verdiyi bəyanatlarla da tanışsınız. Sadəcə olaraq, düşünürəm ki, bu istiqamətdə biz bundan sonra da çox əzmkarlıqla fəaliyyət göstərməliyik. Çox uzun müddətə, 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi davam edir. İki tərəf də bir araya gəlib danışıqlar yolu ilə məsələnin sülh yolu ilə həll olunmasına yardım etməlidir.
- Münaqişənin həll olunmaması daha çox beynəlxalq amillərdən, yoxsa yerli amillərdən asılıdır? Yerlərdə deyirlər, bunu beynəlxalq qüvvələr edə bilmir. Beynəlxalq qüvvələr isə deyir ki, Azərbaycan və Ermənistan razılığa gəlsin, biz vasitəçilik edək.
- Bu suala cavabda mən sadəcə olaraq Azərbaycanda fəaliyyət göstərən ABŞ səfiri qismində danışıram. Suala belə cavab vermək istərdim ki, mövcud olan müxtəlif faktorlar nəzərə alınmalıdır. Digər bir məsələ də var. Mən Dağlıq Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkən insanlarla danışmışam. Bu danışıqlar mənim üçün çox faydalı olub. Bu insanların uşaqları artıq böyüyüb.
"907-ci düzəliş"in daxilində bir sıra maddələr aradan qaldırıla bilərdi və prezident Tramp bu hüquqdan istifadə edib"Belə bir təəssürat yaranır ki, müəyyən insanlar düşünür ki, beynəlxalq icma Dağlıq Qarabağ münaqişəsini çox asanlıqla həll edə bilər. Amma biz onun şahidi olmuşuq ki, dünyada hər bir şey istənilən kimi asan həll olunmur. Mən beynəlxalq icmanın, beynəlxalq qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində yardımını belə görə bilərəm ki, iki tərəfi bir araya gətirərək və ya iki tərəfin bir araya gəlməsinə yardım edərək, iki tərəfin bir-biri ilə ünsiyyətini təmin edərək gələcək yolun müəyyənləşdirilməsi üçün bir çərçivənin formalaşmasına yardım edə bilərik.
- Amma aprel döyüşləri baş verib. Bu kontekstdə Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa riski nə qədər realdır?
- Düşünmürəm. Siz ATƏT-in Minsk qrupunun bəyanatları ilə də, müxtəlif paytaxtlardan gələn bəyanatlarla da tanışsınız. Bu bəyanatlarda Dağlıq Qarabağ münaqişəsi və iki tərəf arasında olan gərginliklə əlaqədar çox dərin narahatlıq bildirilib. Bir vacib an ondan ibarətdir ki, insanlar qarşısında həmişə seçim var və onların qərar vermək seçimi var. Düşünürəm ki, iki tərəf üçün - Azərbaycan və Ermənistan üçün vacib olan amil ondan ibarət olmalıdır ki, onlar vəziyyəti həqiqətən də tam şəkildə anlamalı, başa düşməlidirlər, - Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu və həlli mövcud deyil, yoxdur. İki tərəf razılaşdırılmış, dinc sülh həllinin tapılması istiqamətində və beynəlxalq icma tərəfindən dəstək verilən addımlara rəvac verməlidir.
Hər iki tərəf müxtəlif qurumlar tərəfindən verilən bəyanatların vacibliyini anlayaraq gələcək üçün addımlarını müəyyənləşdirərək bu istiqamətdə fəaliyyət göstərə bilər.
- Münasibətlərin 25-ci ilində hələ də "Azadlığı Müdafiə Aktına 907-ci düzəliş" qüvvədədir. Düzəlişin tam aradan qaldırılmamasına səbəb nədir? Bu düzəliş ikitərəfli əməkdaşlıqda hansı problemlər yaradır?
- "907-ci düzəliş" barədə danışarkən mən başa düşürəm ki, bu, ABŞ-ın qanunvericiliyidir. Lakin bunun daxilində müəyyən müddəalar var ki, onlar aradan qaldırıla bilər. Prezident Tramp və keçmiş ABŞ administrasiyaları bunu etmişlər. Deyə bilərəm ki, ABŞ-ın Azərbaycana yardımları davam edir. Mən hüquqşünas deyiləm, sadəcə, cavabıma aydınlıq gətirmək istəyirəm. "907-ci düzəliş" Konqres tərəfindən dəstək verilmiş bir qanunvericilikdir. Yəni, onun daxilində bir sıra maddələr var idi ki, onlar gələcəkdə aradan qaldırıla bilərdi və prezident Tramp bu hüquqdan istifadə edib.
- "907-ci düzəliş"də hərbi əməkdaşlığı və hərbi-texniki əməkdaşlığı qadağan edən müddəalar var.
- Amma bizim hərbi sahədə əməkdaşlığımız var. Misal üçün, Azərbaycan qüvvələrinin NATO qüvvələri ilə operativlik baxımından əlaqələrinin inkişafının təminatı üçün biz müdafiə ofisimiz vasitəsi ilə fəaliyyətlər göstəririk. Yəni, bu istiqamətdə əməkdaşlıq mövcuddur. Biz söhbətimizi davam etdirdiyimiz zamanda da Azərbaycan ABŞ hərbçiləri ilə Əfqanıstanda birgə qulluqdadır.
- Azərbaycan və ABŞ-ın terrorizmə qarşı birgə mübarizə sahəsində gördüyü işlərin 25 illik yekununu necə qiymətləndirərdiniz? Gələcəkdə qarşıda hansı işlər durur?
- Mən öncəki zamanları yada salmaq istərdim. Yadınızdadırsa, sentyabrın 11-də ABŞ-da terror hücumları olandan sonra məhz keçmiş prezident Heydər Əliyev münasibət bildirmişdi və Azərbaycanın yardımlarını təklif etmişdi.
Ancaq müəyyən məqamları vurğulaya bilərəm, operativ məlumatlar barədə danışa bilmərəm.
"ABŞ hökuməti terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafını görmək istərdi"
Suala cavab verərkən deyə bilərəm ki, ABŞ Azərbaycanın terrorçuluğa qarşı aparılan mübarizədə, ümumiyyətlə, təhlükəsizlik baxımından fəaliyyətindən, Azərbaycan tərəfindən göstərilən əməkdaşlıqdan və Azərbaycanın bu istiqamətdə iştirakından çox razıdır. ABŞ hökuməti bu istiqamətdə əməkdaşlığın inkişafını görmək istərdi.
Sadəcə olaraq, mən izləyirəm və görürəm ki, Azərbaycan hökuməti də təhlükəsizlik sahəsində, terrorçuluğa qarşı aparılan mübarizədə əməkdaşlıq barədə öz razılığını bildirib.
- İqtisadi sahədə əlaqələrin yekunu necədir? Ölkədə qeyri-neft sektorunun inkişafı sahəsinə ABŞ hansı yeni yardımlar təklif edə bilər?
- Soruşursunuz ki, ABŞ qeyri-neft sektorunun inkişafında Azərbaycana necə yardım edə bilər? Düşünürəm ki, biz artıq uzun müddətdir Azərbaycana neft sahəsində inkişafı təmin etmək üçün yardımlar göstərmişik.
"Biz əlavə dəyərin artırılması istiqamətində də müəyyən proqramlar həyata keçirmək istəyirik"
Bu suala cavab verərkən iki istiqamətdə danışmaq istərdim. Birincisi, ictimai sektorun, yəni, özəl sektorun inkişafı istiqamətində apardığımız işlərdir. İctimai sektorun inkişafından danışarkən artıq mən qeyd etdim ki, ABŞ Azərbaycana 1,3 milyard dollar yardım göstərib. Bu vəsait müxtəlif səpkili proqramların həyata keçirilməsinə yönəlib. Bunlar əsasən inkişaf proqramlarıdır. Yəni, inkişaf proqramları çərçivəsində sahibkarlara yardım göstərmişik. Fermerlərin öz təsərrüfatlarını inkişaf etdirməsinə yardımlar göstərmişik. Biz yalnız yardım barədə də düşünmürük. Eyni zamanda, əlavə dəyərin artırılması istiqamətində də müəyyən proqramlar həyata keçirmək istəyirik. Yəni, əgər bir fermer alma yetişdirirsə, sadəcə, almanın satışı ilə deyil, onun emalı ilə də məşğul olmalıdır. Təbii ki, bu inkişaf proqramlarını həyata keçirərkən biz azərbaycanlılarla birgə fəaliyyət göstəririk və bu önəmdə azərbaycanlıları, xüsusilə gəncləri və qadınları proqramlara cəlb edirik.
Bu insanların proqramlara cəlbi onların daha çox sahibkarlıq ruhuna sahib olmalarına kömək edir. Yəni, onlar öz şirkətlərinin yaradılması, öz bizneslərinin inkişafı barədə düşünməlidirlər. Uğuru əldə etməyi bacarmalıdırlar. Öz bizneslərinin inkişafı ilə digər insanlar üçün iş yerləri yarada bilərlər. Yaxşı biznes mühitinin yaradılması üçün hüquqi çərçivənin yaradılması sahəsində də yardımlar göstəririk. Misal üçün, kommersiya sahəsində olan qanunvericiliyin yaradılması və inkişafında biz yardımlar göstərməyə çalışmışıq. Eyni zamanda, ABŞ-dan, xüsusən Nyu-Yorkdan hakimlərin Azərbaycana gəlməsi təmin olunub. Həmin hakimlər Azərbaycandan olan həmkarları ilə ünsiyyət qurublar ki, mövcud qanunvericiliyin inkişafına kömək etsinlər.
"Azərbaycan Boeing istehsalı olan təyyarələr əldə edib"Digər vacibliyi ilə seçilən sahə özəl sektordur. Biz istəyirik ki, Azərbaycan və ABŞ biznesmenləri daha yaxın olsun. ABŞ-dan olan biznesmenlər Azərbaycana gələrək özəl sektorla daha yaxın olsun və burada işləsinlər.
Biz, Ameika-Azərbaycan Ticarət Palatası vasitəsi ilə fəaliyyət göstərmişik. Eyni zamanda, ABŞ-dan Azərbaycana müxtəlif səpkili ticarət missiyaları gəlib. Bu payızda da eyni missiya Azərbaycana gələcək.
İqtisadiyyatın diversifikasiyası üçün bu cür biznes əlaqələri çox vacib amildir. Mən xatırlayıram ki, bu yaxınlarda keçmiş nazir Natiq Əliyevlə ABŞ-a səfər etmişdik. Orada texnologiya sahəsində möhtəşəm bir konfransın işinə qatılmışdıq. Həmin konfransa təxminən 60 000 iştirakçı qatılmışdı. İştirakçılar ABŞ-da karbohidratlar sahəsində olan fəaliyyətləri, eyni zamanda, ölkələr arasında, beynəlxalq müstəvidə olan enerji məsələlərini öz aralarında müzakirə edirdilər.
- Münasibətlərin 24-cü ilində Azərbaycan təyyarələri ABŞ hava limanlarına uçuşlara başladı. Bu və digər sahələrdə hansı yeni razılaşmaları gözləmək olar?
- Sizin sualınız yenidən özəl sektora aid olan məsələlərlə bağlıdır. Hamı bilir ki, Azərbaycanın AZAL şirkəti və ABŞ-ın Boeing şirkəti arasında müxtəlif səpkidə danışıqlar olub. Bunun nəticəsi olaraq Azərbaycan Boeing istehsalı olan təyyarələr əldə edib. Eyni zamanda da Azərbaycan "Açıq Səma" layihəsinə qatılıb. Bu kimi təşəbbüslərin gələcəkdə olan inkişafına və perspektivlərinə baxanda, bu, sırf kommersiya xarakterli təşəbbüslərdir və kommersiya əlaqələri genişləndikcə bu cür təşəbbüslər də inkişaf edəcək.
- İkitərəfli ticarət əlaqələri sahəsində 25 ilin dinamikası necədir? Azərbaycanın hansı brendləri və ya məhsulları ABŞ bazarında tanınır?
- Azərbaycanın Amerikada tanınmış brendləri barədə danışarkən düşünürəm ki, mən ABŞ-ın Azərbaycanda səfiri olduğuma görə əsas vəzifə borclarımdan biri Amerikanın brendlərinin Azərbaycanda populyar olmasını təmin etməkdir. Bizim işimiz həm də ondan ibarətdir ki, ABŞ-da mövcud olan bazarların mahiyyətini, bazarlarda olan dəyərlərin nədən ibarət olmasını insanlara izah edək.
"Mübadilə proqramları çərçivəsində 7 minə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb"Bir məsələ də var. Onun barəsində danışmamışıq. Düşünürəm ki, ABŞ səfirliyinin ictimai əlaqələr sektoru vasitəsi ilə mədəniyyət sahəsində həyata keçirilən layihələr vasitəsi ilə insanlar bir-birini daha yaxşı tanıyır və ABŞ barədə daha yaxşı məlumatlar alırlar.
"Məni o da məyus edir ki, "Sülh Korpusu" artıq Azərbaycanda mövcud deyil"ABŞ-ın təşkil etdiyi mübadilə proqramları çərçivəsində artıq 7 minə yaxın azərbaycanlı ABŞ-a gedib və orada təhsil alıb. Eyni zamanda, öz təşəbbüsləri ilə çoxsaylı azərbaycanlı Amerikada təhsilini davam etdirir. Onlar ABŞ-a gedərkən ingilis dilini də öyrənirlər və ingilis dili beynəlxalq müstəvidə qəbul edilmiş dildir.
Azərbaycanlılar Amerikaya gedərkən müxtəlif sahələrdə qəbul olunurlar. Yəni, kommersiyanı öyrənirlər, müxtəlif elmlərə yiyələnirlər, biznes administrasiyası, mühəndislik və digər sahələrdə təhsillərini davam etdirirlər. Yəni, həm təhsillərini artırırlar, həm də imkanlarını genişləndirirlər.
- Mədəniyyət, təhsil və humanitar sahədə 25 ilin yekunları barədə nə deyə bilərsiniz? Bu sahələrdə əlaqələrin inkişafında hansı yeni potensiallar var?
- Bu sahələrlə bağlı həm daha çox fəaliyyətlər görünür, həm də daha çox işlərin görülməsinə ehtiyac var. Qeyd etdiyim kimi, rəsmi proqramlar çərçivəsində 7 minə yaxın insan Amerikaya gedib. Məni o da məyus edir ki, "Sülh Korpusu" artıq Azərbaycanda mövcud deyil. Amma "Sülh Korpusu" Azərbaycanda çox vacib işlə məşğul idi. Yəni, "Sülh Korpusu"nun könüllüləri Azərbaycanın müxtəlif bölgələrində insanlara ingilis dili öyrədirdilər. Yalnız ingilis dilini öyrətmək deyil, eyni zamanda ingilis dili müəllimləri ilə birgə işləyərək onların ingilis dili öyrətmək üsullarını daha da təkmilləşdirməsinə kömək edirdilər.
Lakin bu sahədə də müəyyən bir irəliləyiş görürük. Bilirsiniz ki, Bakıda "Amerika Mərkəzi" fəaliyyət göstərir. Bölgələrdə yerləşən 4 "Amerika Mərkəzi" yenidən açılıb. Bu yaxınlarda Gəncədə yenidən açılan "Amerika Mərkəzi"nin açılışında özüm iştirak etdim. Bu mərkəzlər bir resurs mərkəzi kimi çox faydalı fəaliyyətlər göstərir. Həm insanların ingilis dili öyrənməsinə, həm də müxtəlif resurs bazası kimi fəaliyyətə yardım edir.
"Yeni administrasiya hələ öz xarici siyasətini formalaşdırma prosesini keçir"Mədəniyyət sahəsində münasibətlərə gəlincə, bu sahədə çox vacib layihələr gerçəkləşdirilir. Digər tərəfdən, Amerika ekspertlərinin Azərbaycana gəlib ünsiyyət qurması çox vacibdir. Mədəniyyət və təhsil sahəsində əlaqələrin gücləndirilməsi üçün ekspertLərin (spiker) Azərbaycana gəlib insanlarla təmasda olması çox böyük əhəmiyyət daşıyır.
Hazırda kompüterlərlə on-layn qaydada bu əlaqələri həyata keçirmək olar. Halbuki, 20 il əvvəl bu vasitələr yox idi. Eyni zamanda, azərbaycanlıların daha çox Amerikaya getməsi bizim əlaqələr üçün faydalıdır. Onlar Amerikada amerikalılarla ünsiyyətdə olur və amerikalılar onlarla ünsiyyətdə olur.
Yeri gəlmişkən, yenidən "Sülh Korpusu"na qayıtmaq istərdim. Onlar Azərbaycanda olandan sonra vətənləri Amerikaya qayıdarkən amerikalılarla öz təəssüratlarını bölüşür, Azərbaycan barədə danışırdılar. Yəni, insanlar arasındakı münasibətlərdən danışırıq. Həqiqətən də bu münasibətlərin təsiri çox-çox yüksəkdir. İnsanların özlərinin bir-biri ilə münasibət qurması dövlətlərarası münasibətlərin inkişafına ən yaxşı təkan verən amildir.
İnsanlar bir-birini tanıyandan sonra onlar arasında çox sıx bağlılıq əmələ gəlir və biz amerikalılar buna çox böyük dəyər veririk. İnsanlar arasında bağlılığı göstərən əlaqələrin əyani bir təzahürü azərbaycanlı müğənnilər və amerikalı caz ustalarının bir araya gələrək eyni mahnıları birgə ifa etməsidir. Bu, həqiqətən də insanlar, mədəniyyətlər arasında olan bağlılığın çox gözəl əyani təzahürüdür.
- ABŞ-ın yeni administrasiyasının Azərbaycana qarşı siyasəti əvvəlki administrasiyanın siyasətindən nə ilə fərqlənir? Cənab Trampın administrasiyasının Azərbaycanla bağlı siyasətinin əsas prioritetləri nədir?
- Yeni administrasiya hələ öz xarici siyasətini formalaşdırma prosesini keçir. Lakin Tramp administrasiyasından Azərbaycana göndərilən bəyanatları oxusanız, artıq bu bəyanatlar əsas vacib məqamların nədən ibarət olması barədə məlumat verir. Bu bəyanatlarda yenidən ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində olan tərəfdaşlıq və əməkdaşlığın vacibliyi vurğulanıb. Burada ABŞ və Azərbaycanın Əfqanıstanda birgə əməliyyatlarından danışılır.
"Biz gələcəkdə getmək istədiyimiz istiqaməti formalaşdırıb görmək istəyirik"
Bu bəyanatlarda Azərbaycanın təmsil olunduğu müxtəlif enerji layihələri, o cümlədən "Cənub" Qaz Dəhlizi və başqa layihələrin vacibliyi vurğulanıb. Eyni zamanda, ABŞ-ın Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamatində apardığı səylərə yardımı vurğulanıb.
Eyni zamanda, Azərbaycanın özünün demokratik təsisatlarının inkişafı barədə apardığı işə yardımı barədə də söz açılıb. Bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin dinc, sülh yolu ilə həllinin tapılması istiqamətində fəaliyyətlərin vacibliyi vurğulanıb. Bir sözlə, bu bəyanatlarda ABŞ və Azərbaycanın bir-birinə dəstək verərək ABŞ-ın Azərbaycanla bağlı diqqətində olan vacib məsələlər vurğulanır.
- Qarşılıqlı səfərlər gözlənilirmi?
- Bu suala cavab vermək üçün hazırda bir məlumatım yoxdur.
- İkitərəfli əlaqələrlə bağlı əlavə vacib bəyanatınız var?
- Çox vacibdir ki, biz olduğumuz məkanı hər zaman xatırlayırıq. Ən vacibi odur ki, biz gələcəkdə getmək istədiyimiz istiqaməti də formalaşdırıb görmək istəyirik. Gələcəkdə irəliləmək istədiyimiz istiqamətin müəyyənləşdirilməsi də öz-özlüyündə ABŞ-Azərbaycan xalqları arasında bir danışıqdır, bir razılaşmadır, bir sövdələşmədir. Yəni, biz Azərbaycanla birgə işləyərək Azərbaycanın gələcəyinin təminatına, yəni, özünün gələcəyini gördüyü kimi təmin edilməsində Azərbaycana yardım etmək istəyirik.
Biz bilirik ki, Azərbaycanın özünün gələcəkdə görüntüsü məhz stabil, sabit, firəvan, demokratik, müstəqil, hüququ bir dövlətdir. O ki qaldı müstəqillik, bu barədə danışarkən demək istərdim ki, müstəqil o dövlətdir ki, daxildən gələn hər hansı bir tərzdə müqavimət göstərə bilir və özünün çoxşaxəli xarici siyasətini həyata keçirir. ABŞ-ın da məqsədi ondan ibarətdir ki, hər bir dövlət öz gələcəyini necə görür, elə də gerçəkləşdirsin.