İctimaiyyətin maraqla izlədiyi məhkəmə proseslərindən biri də "Rabitə işi" idi. Bəziləri üçün bu iş gözlənilməyən sonluqla yekunlaşdı. Çünki aylar öncə 11 təqsirləndirilən şəxs dövlətə vurduqları ziyanı tam ödəyib başa çatdırmış, tezliklə azadlığa çıxmaq ümidi ilə yaşayırdı.
Hökm oxunandan sonra bir tərəfdə sevincli, bir tərəf isə qəzəbli, kədərli idi. Çünki elə bu işdə 2 əsas fiqur olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il cəza aldılar.
Vidadi Zeynalov uzun müddət Əli Abbasovun bir nömrəli adamı olub. Məhz sabiq nazir İqtisadiyyat Universitetində rektor çalışan zaman Vidadi Zeynalovda universitetin prorektoru idi. Əli Abbasov nazir vəzifəsinə təyin olunandan bir müddət sonra Vidadi Zeynalovu aparat rəhbərliyinə gətirmişdi.
Lakin Əli Abbasovun işi çətinə düşəndə ilk əvvəl məhz Vidadi Zeynalovu xərclədi. Vidadi Zeynalov da məhkəmə dövründə Əli Abbasovun ona elədiyi xəyanəti başqa dillə onun üzünə vurdu. Dəfələrlə çıxışlarında əmrləri Əli Abbasovdan aldığını, gələn pulların onda toplaşdığını, nazir göstərişi ilə pullarım kimə çatdığını dilə gətirdi. Hətta ona verilən mənimsəməni son qəpiyinə qədər ödətdirdilər. Ümidi vardı ki, azadlığa çıxacaq. Lakin əfv olunmadı, 13 il cəza aldı.
İş üzrə digər böyük fiqur Beytulla Hüseynov idi. Həmin Beytulla Hüseynov ki, sabiq MTN “şefi” Eldar Mahmudovla qohumluğu və yaxınlığı ilə seçilirdi. Ən çox da yeyinti rəsmi ittihamda onda idi. 10 milyon. Prokuror cəza tələb edəndən dərhal sonra 10 milyon manatı bir günün içində nağd şəkildə taparaq ödədi və yaxud ödətdirdilər. Elə məhz “Rabitə” əməliyyatı başlayan kimi birinci Beytullanı tutmuşdular. Onun ifadələri əsasında bəziləri həbs edilmişdi. Məhkəmə dövründə kimisə tənqid etmirdi. O da əmrlər aldığını və bunu icra etdiyini deyirdi.
Beytulla Hüseynovun rəhbərliyi etdiyi müəssisənin baş mühasibi Anar Mustafayev də cəza alanlar içində idi. Çıxışlarında emosionallığı ilə seçilən Mustafayev sona qədər Vidadi və Beytullanın yanında oldu. Son sözündə onlardan halallıq istədi. Gənc yaşında böyük vəzifələrlə işləyən Mustafayev gördükləri işləri dilə gətirdi. Məhkəmə onu da 5 illik həbsə göndərdi.
“Rabitə işi” üzrə təqsirləndirilən içində özəl şirkət rəhbərləri vardı. "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədov isə məhkəmədə dəfələrlə dilə gətirdilər ki, onlar sifariş əsasında işlər görüblər. Hətta Namazalı Məmmədov dövlətə ziyan vurmadığını, Rabitə Nazirliyinin ona 12 milyon manat borcunun olduğunu deyirdi.
Namazalı Məmmədovun “Rabitə bank”a 1 milyondan çox kredit borcu vardı. Dediyinə görə, sifarişləri yerinə yetirmək üçün kredit götürmüşdü. Lakin 11 il azadlıqdan məhrum edildi. Halbuki 4 milyon yeyinti yazılsa da, o bunun 3 mislini ödəmişdi. Ona olan nazirliyinin 12 milyon borcundan imtina etmişdi. Nazirlik də mülki iddiadan geri çəkilmişdi. Bununla bağlı nazirliyin məktubu da məhkəmə elan edilmişdi. Lakin Namazalı Məmmədov ifadələrində sabiq nazir Əli Abbasovun Rabitə sahəsini ləkələdiyini dilə gətirirdi. Məhz son sözündə Əli Abbasovu söz ataraq “hər şeyin səbabkarının kresloda, biz isə dəmir barmaqlıqlar arxasında” deyərək üsyan etmişdi. O da azadlığına qovuşmaq niyyətində idi. Əli Abbasov isə onları yarı yolda qoymuşdu.
Digər şirkət rəhbəri Emin Məmmədov da Namazlı Məmmədov kimi borclu duruma düşmüşdü. Çünki ona da Rabitə Nazirliyinin borcu vardı. Gördüyü işləri tez-tez dilə gətirirdi. Sonda o da nazirlikdən alacaqlarından imtina etmişdi, nazirlik də ondan iddiasını geri çəkmişdi. O, azadlıq eşqi ilə yansa da, oxunan hökm onu da 10 il azadlıqdan məhrum etmə ilə cəzalandırdı.
Cəza alanlarla içində “Azərpoçt” sabiq rəhbəri Qəmbər Bəybalayev də var. İfadələrində Əli Abbasovu həmişə hədəfə alan Bəybalayev illərdir ki, rabitə sahəsində çalışan şəxs olduğunu, eşşəklə atla cəbhə bölgəsində olan ATS-ləri gəzdiyini deyir. Qarabağ müharibəsindən iştirakçısı olan Bəybalayev ifadələrində heç zaman pul mənimsəmədiyini deyirdi. 2 milyon yeyinti yazılsa da, həmin pulu Əli Abbasovun yediyini dilə gətirdi. Məhkəmə dövründə dəymiş ziyanı ödəməyə pulu olmadığını yalnız həmin məbləği Əli Abbasovdan alıb qaytara biləcəyini deyirdi. Zərər də dostları tərəfindən ödəndi. Məhkəmədə pulu ödəyən dostlara təşəkkürü bildirdi və pulu yeyənlərdən alıb qaytaracağı dedi.
Azadlığa çıxanlar kimlərdir?
“Aztelekom” sədri Məhəmməd Məmmədov. Əli Abbasova yaxınlığı ilə seçilirdi. Həm “Naxçıvan klanı” olmaqları, həm də məhkəmə və istintaq dövründə sabiq rəhbəri Əli Abbasovun adını çəkməməyi onu azadlığa qovuşduran başqa bir səbəbdir. Hələ işin istintaqı Korrupsiya İdarəsində aparılan zaman Məhəmməd Məmmədovun dəymiş ziyanı ödənmişdi. Əmlakları həbs qoyulmamışdı. Pulunun yaxın dostları tərəfindən ödəndiyini dilə gətirirdi. Həm prokuror çıxışında ona şərti cəza tələb etmişdi, həm də hökmündə şərti cəza tətbiq edildi.
Elə Məhəmməd Məmmədovun baş mühasibi Oqtay Rüstəmov da Məhəmməd Məmmədovla birlikdə azadlığa çıxdı. O da ifadələrində yığılan pulların sabiq aparat rəhbəri Vidadi Zeynalova verildiyini dedi. Əli Abbasovun adını belə çəkmədi. Yəqin keçmiş sədri Məhəmməd Məmmədov belə məsləhət görüb.
Cəlil Cəfərov “Azintelekom” rəhbəri. O da şərti cəza ilə azadlığa çıxanlardan biridir. “Naxçıvan klan”ın üzvü də Əli Abbasova yaxın insanlardan idi. Beynəlxalq tariflər onun rəhbərliyində idi. Eldar Mahmudovun oğlunun dostu Ayazla işlər görmüşdü. Həm də “Rabitəçi” voleybol klubu onun kurasiyasında idi. Əli Abbasov həmin klubu ona həvalə etmişdi. Bahalı transferlər, gələn çempionluqlardan pay sahibi idi. Məhkəmə onu da şərti cəza verməklə azadlığına qovuşdurdu. Azadlığa çıxan kimi prezidentə təşəkkürlərini çatdırdı. Ondan başqa heç kimə təşəkkürünü bildirmirdi. İstintaq dövründə dəymiş ziyanı ödəyənlərdən idi.
Azadlığa çıxanlar içində "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-in baş mühasibi Səhrab Hümbətov da var. Bu adam məhkəmə dövründə bilindi ki, səs-küylə həbs olunub. İfadə belə verməyi bacarmırdı. Danışdıqların və duruşundan hiss olunurdu ki, bu adam heç bir qəpiyin yiyəsi olmayıb. Bunu məhkəməni izləyən, prosesdə iştirak edən hər bir adam deyə bilər.
“Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev. Azadlığa çıxanlardandı. “Naxçıvan klan”ın üzvü olan Bayram Vəliyev keçmişdə böyük vəzifələrdə çalışıb. Vaxtilə Naxçıvanda Sədərək Gömrük Keçid Məntəqəsində rəis müavini olub. Həmin dövrdə “LABA”nın müavini olmuş Bayram Vəliyev naxçıvanlılar arasında xüsusi hörmətə malik olub. Gömrükdən ayrılandan sonra Bakıya gələn Vəliyev keçmişdəki münasibətlərinə görə BTRİB-in sabiq rəhbəri Beytullanın yanına gəlib. Beytulla ona özəl şirkətləri açmağı və rabitə sahəsində çalışmağı məsləhət görüb. Birlikdə xeyli işlər görüblər. Şirkətlər əslində Beytullanın olsa da, Bayram rəhbər kimi göstərilib.
Məhkəmə dövründə Bayramla Beytulla arasında soyuq münasibəti müşahidə edilirdi. Bayram hər sözündə bütün işləri Beytullanın tapşırığı ilə elədiyini deyib. Uzun müddət xəstəlikdən əziyyət çəkən Vəliyevə görə məhkəmə 1 ay yaxın fasilə elan edirdi. Hətta bir neçə məhkəmə prosesində xərəklə də gətirilmiş, uzanılı şəkildə məhkəməni dinləyirdi. Bu azmış kimi Beytullanı günahlandıran Vəliyev proseslər dövründə ən ağır formada söyüşlərlə Beytullaya söz vururdu. Bəlkə ona görə də Bayram Vəliyev bu gün azadlıqdadır.
Azadlığa çıxanlar hər birinə 5 il 7 ay cəza verildi. Sadəcə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edildi.
Eyni maddələrlə ganahlandırılan şəxslərdən niyə yarısı həbsdən çıxdı, yarısı uzun müddətli həbs olundu?Ortaya bəzi suallar məqamlar ortaya çıxır. Hamı ayrı-ayrılıqda dəymiş ziyanı ödəmişdi. Nədən, etiraz etməyənlər azadlığa çıxdı? Burda Əli Abbasovu tənqid edənlər isə azadlıqlarından məhrum edildilər. “Azərpoçt” rəhbərinə 3 il iş verib niyə şərti azadlığa buraxmadılar? 5 il 6-7 ay verilənlərə şərti cəza tədbiq edildi, niyə 3 il verilənə edilmədi?
Və yaxud Vidadi Zeynalov və Beytulla Hüseynov 16 milyona yaxın bir məbləğ ödədilər, niyə azadlığa çıxmadılar. Pulu ödəmişdən prokuror 14-15 il cəza tələb eləmişdi, o boyda pul ödəniləndən sonra 1-2 il cəza azaldıldı. Bundan sonra kim dövlətə vurduğu ziyanı ödəyəcək? Bu hökmdə gördülər ki, pulu ödəsən də, ödəməsən də cəza dəyişmir.