Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevn sədirliyi ilə keçirilən məhkəmə prosesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə təqsirləndirilənlər "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il , "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 5 il müddətinə azadlıqdan məhrum olunub.
Turan-ın məlumatına görə, hökmə əsasən, təqsirləndirilən Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 7 ay, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov 5 il 6 ay, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev 5 il 5 ay, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov5 il 5 ay, müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində şərti cəza təyin olunub. Məhkəmə zalından azad olublar.
Hökmə görə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib.
RYTN-nin mülki iddiası qismən təmin edilib.
Məlum olub ki, Vergilər Nazirliyi mülki iddiasını geri götürüb.
Qeyd edək ki, V.Zeynalovun vəkili Elxan Süleymanlı yerli mediaya bir müddət əvvəl məmurun iyulun 10-da 2 milyon 25 min manatı ödədiyini deyib.
"Bu gün, iyulun 11-də isə qalan 536 manat borc məbləği Beynəlxalq Banka ödənilib. Beləliklə, Vidadi Zeynalov vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib", - vəkil deyib.
Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.
Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.