"Porsche" ilə piyadanın üstündən keçən polis rəisinin oğlu çıxdı

"Porsche" ilə piyadanın üstündən keçən polis rəisinin oğlu çıxdı
19 İyul 2017
Mətni dəyiş

18 iyul axşam saatlarında Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Piyadanın üstündən keçən "Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub. Bu barədə Lent.az xəbər yayıb.

Məlumatına görə, qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb.

Sabunçu dairəsi yaxınlığında, SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı "Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub.

Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü "Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Saytın əldə etdiyi digər məlumata görə, "Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.

İlkin məlumatlarda ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün Türkiyə vətəndaşı olduğu bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun