Polşada hakim partiyaya qarşı etirazlar ölkənin 100-cən şəhərinə yayılıb. Aksiyalar parlamentdə qalmaqallı qanunun qəbulundan sonra başlanıb.
Qanun sağçı hökumətə imkan verir ki, Ali Məhkəmənin hakimlərini işindən kənarlaşdırsın.
Azadlıq Radiosunun məlumatına görə, prezident Dudanın qanunu 21 günlük müddət ərzində imzalayacağı gözlənir. İndi o, məzuniyyətdədir.
Etirazçılar prezidenti qanuna veto qoymağa çağırırlar.
Yeni qanun, qüvvəyə minərsə, Ədliyyə Nazirliyinə hakimlərin yerinə yenilərini təyin etmək səlahiyyəti verəcək.
Aksiyaçılar hesab edir ki, bu, demokratiyaya zərbədir, hakimiyyətin bir qolunu o birinə tabe edir.
Etirazlara məşhur polyak dissidenti, Polşanın kommunist rejimindən xilas olmasında mühüm rolu olmuş Lex Valensa da dəstək verib.