Ölkədən çıxış qadağasının olub-olmaması ilə bağlı sayt xidmətə verilib

Ölkədən çıxış qadağasının olub-olmaması ilə bağlı sayt xidmətə verilib
25 İyul 2017
Mətni dəyiş

Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədilə DİN-in rəsmi veb saytında yeni informasiya resursu yaradılıb.

Turan-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirlıyinin müraciətində deyilir.

Nazirlik bu resursun yaradılmasına səbəb kimi son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün nazirliyə müraciətlər etmələrini göstərir:

"İyun ayından istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər".

Qeyd olunub ki, bunun üçün DİN-in bu saytına daxil olmaqla qeyd edilən elektron xidməti (ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

Azərbaycanda kredit borcları və vergidən yayınan şəxslərin ölkədən çıxışlarına qadağa qoyulması 2015-ci ilin yazından tətbiq edilir. Hər hansı məsələ ilə bğlı ölkədən çıxmaq istəyən şəxs ancaq son anda çıxışına qadağa qoyulması ilə bağlı məlumat ala bilirdi, çox zaman isə geri qaytarılırdı.

Təkcə Azərbaycan Beynəlxalq Bankına kredit borcuna görə 4 min nəfərdən yuxarı şəxsin ölkədən çıxışına qadağa qoyulmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun