Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunmuş Samir Nəbiyevə 9 il həbs cəzası istənildi.
İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror belə bir təkliflə çıxış edib.
Prokuror bildirib ki, S.Nəbiyevə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə verilmiş ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Sübuta yetirilib ki, o, Ə.Camalovu aldadaraq 18 min manat və 2 min 500 dollar pulunu alıb qaytarmayıb.
S.Nəbiyev isə bu ittihamı qəbul etmir. Ona görə də, vəkili Ceyhun Yusifov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Avqustun 2-də keçiriləcək növbəti məhkəmədə vəkil çıxış edəcək, S.Nəbiyev özü də son sözünü deyəcək.
S.Nəbiyev nazirin qardaşını aldatmadığını, ondan pulu da sələmlə aldığını deyir. Bildirir ki, icarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasına mal almaq üçün Ə.Camalovdan pul alıb. Razılaşmaya görə, qazancın yarısı nazirin qardaşına çatmalıymış. S.Nəbiyev 18 min manata görə 5 min, 2 min 500 dollara görə də 1500 dollar pul verdiyini, sonradan devalvasiyaya görə maddi vəziyyəti pisləşdiyindən pulu qaytara bilmədiyini deyir.
Devalvasiyadan sonra Ə.Camalov manatla verdiyi pulu o dövrün məzənnəsinə uyğun olaraq, dollarla hesablayıb.
Ə.Camalov özü də verdiyi pula görə faiz aldığını təkzib etməyib. Təsdiqləyib ki, S.Nəbiyev bir neçə ay qazancının bir hissəsini ona verib. Amma o, aldığı pulları verdiyi məbləğdən çıxmaq istəmir.