"Nardaran işi"ndə şahidlər istintaqda verdikləri ifadəni təsdiqləməyib.
İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı alim Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda şahidlər ifadə verib. Şahid Azad Kərimov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılov və Elman Ağayevi tanıyır, onların radikal çıxışlarının şahidi olmayıb. A. Kərimov deyib ki, istintaq zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verib, lakin ifadəni oxumadan imzalayıb:
“Mən danışdım, onlar yazdılar, lakin oxumağa imkan vermədilər. İmzala dedilər, mən də etdim".
Şahid istintaq zamanı verdiyi ifadəni təsdiq etməyib.
İclasda ifadə verən şahid Ramin Cəfərov isə deyib ki, bir müddət Taleh Bağırzadə ilə işləyib. O, Taleh Bağırzadənin radikal çıxışlarını eşitmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini bildirib.
Nardaran hadisələri zamanı öldürülən Rəfael və Fərayıl Bünyatovların qardaşı Sərdar Bünyatov da iclasda şahid qismində ifadə verib. S. Bünyatov istintaq zamanı heç kimin əleyhinə ifadə vermədiyini deyib:
“İfadəmdə təqsirləndirilən şəxslərdən şikayətçi olduğum yazılıb. Mən belə ifadə verməmişəm. Həmin vaxt elə vəziyyətdə idim ki, ifadəni oxumadan imzaladım. İki qardaşım ölüb, mənim dərdim başımdan aşır. Elə ifadə verməmişəm və təsdiq etmirəm”.
Proses iyulun 14-də keçiriləcək.
2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisələr zamanı iki polis, 4 kənd sakini ölüb. Əməliyyat zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və digərləri saxlanılıb.
Taleh Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar dövlət çevrilişinə cəhd, silah saxlama və digər cinayətlərdə ittiham olunurlar. T. Bağırzadə və digərləri ittihamları qəbul etmirlər, işgəncəyə məruz qaldıqlarını bildirirlər.