“Hakim tərəf tutur, təqsirləndirilən şəxsə sual verməyə imkan vermir”
İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən Zülfüqar Mikayılov, Elman Ağayev, Mehman Quliyev və digərlərinin məhkəməsi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda ittiham tərəfinin iki şahidi təqsirləndirilən şəxslərdən Elman Ağayevin epizodu üzrə ifadə veriblər.
Lənkəran şəhər Mənzil Kommunal və Texniki Xidmət Sahələri İdarəsinin (JEK) işçisi olan Balaxan Hüseynov ifadəsində bildirib ki, ona və bir neçə nəfərə Elman Ağayev Taleh Bağırzadənin müraciət kitabçasını verib: “Həmin kitabçanı oxuyanda tüklərim biz-biz oldu və polisə bununla bağlı şikayət etdim”.
Prosesdə onlar arasında mübahisə düşüb. Elman Ağayev şahidi yalan danışmaqda ittiham edib.
E. Ağayev isə cavabında onun yalan danışdığını deyib. Həmin şəxsi tanımadığını söyləyib. Təqsirləndirilən şəxslərin zalda əyləşən qohumları da şahidə etirazlarını bildiriblər. Hakim həmin şəxslərin zaldan çıxarılması barədə göstəriş verib. Onların iclasın keçirilməsinə maneçilik törətdiklərini deyib.
Elman Ağayev bildirib ki, 2015-ci il noyabrın 29-da evdən tutub polis şöbəsinə aparıblar. Rəis müavini Elçin adlı şəxs onu Biləsuvara aparıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Bayramova təhvil verib. Oradan isə Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) gətirilib:
“Gecədən işgəncələr başlandı. Məndən silah ittihamını boynuma götürməm tələb edilirdi. Razı olmadım. Dedim dindar adamam. Bundan sonra kitabça ilə bağlı təklif gəldi. Bununla razılaşdım. Daha sonra Balaxan Hüseynov və Vaqif Bayramovu çağırıb mənim üzümə qoydular”.
Daha sonra B. Hüseynov vəkillərin suallarını cavablandırıb. Vəkil Akif Əliyev ondan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib-etməməsini soruşub. Şahid B. Hüseynov deyib ki, əməkdaşlıq edir. Vəkil Akif Əliyev deyib ki, Elman Ağayevi həbs edən müstəntiq Moşu Paşayevin həbs etdiyi digər adamın işi üzrə və şahidlərdən biri Balaxan Hüseynovdur.
Vəkil B. Hüseynovun 40-dan çox işdə şahid kimi iştirak etməsi barədə məlumatlı olduğunu bildirib.
Şahid onun bu sözlərini təsdiqləyib. Mindən çox işdə şahid olduğunu deyib:
“Ancaq hara getsəm düz danışıram. Dediyiniz adamı xatırlamıram. Telefonlarım polisdə var. Zəng edib çağıranda gedirəm”.
B. Hüseynov suallara cavabında qeyd edib ki, noyabrın 30-da onu və digər şahid Vaqif Bayramovu Lənkəran şəhər polis şöbəsinin rəis müavini Elçin adlı şəxs öz maşınında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib və orada Elman Ağayevlə üzləşmə keçirilib. Sonra elə həmin gün geri qayıdıblar. O, Elman Bayram adlı polis əməkdaşını tanımadığını, izahatını Vaqif Bayramovun yazdığını, kitabçanı da özünün yox, Vaqifin oxuyub ona içərisində nə yazılması gərəkdiyini dediyini söyləyib.
Vəkil Akif Əliyev ittiham barədə məlumat verib. Bildirib ki, ittihamda Elman Ağayevin kitabça payladığı deyilir:
“Həmin şəxslər polisə noyabrın 28-də müraciət ediblər və noyabrın 29-da Elman Ağayev saxlanılıb. Protokollar saxtalaşdırılıb, həmin şəxslər yalnız noyabrın 30-da BMCMİ-də olublar və bu onu göstərir ki, Elman Ağayev kitabça paylamayıb”.
Hakim Elman Ağayevə şahidə sual verməyə imkan verməyib və şahidi zaldan çıxarıb.
Vəkil Akif Əliyev hakimlərə etiraz verib. O, hakimin tərəf tutduğunu, təqsirləndirilən şəxsə sual verməyə imkan yaratmadığını deyib. Digər vəkillər də həmin vəsatəti dəstəkləyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.
İclasda ifadə verən Vaqif Bayramov istintaqdakı ifadəsindən fərqli danışıb. B. Hüseynovun iş yoldaşı olan V. Bayramov istintaq zamanı deyib ki, Elman Ağayevi tanıyıb və işə gedən zaman Elman Ağayev ona kitabça verib. Məhkəmə zamanı isə deyib ki, Elmanı tanımayıb, birinci dəfə onu “Bandotdel”də görüb, kitabçanı ona Elman yox, adını bilmədiyi başqa adam verib.
Vaqif Bayramov Balaxan Hüseynov adından izahat yazmadığını söyləyib. İclasda o da məlum olub ki, 5 şahid dəfələrlə məhkəməyə çağırılsalar da gəlmirlər. Buna görə, onların barələrində məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmə iclası iyulun 10-da davam edəcək.
Təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra saxlanılıblar. Onlar qanunsuz silah saxlama və digər maddələrlə ittiham olunurlar. Təqsirləndirilən şəxslər isə ittihamları saxta adlandırırlar.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də Nardarandakı əməliyyat zamanı saxlanılıb. O, hakimiyyəti tənqid edən çıxışlarına görə həbs edildiyini deyir.
T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.