"Nardaran işi": "Kim gedib polisin əlindən zorla adam ala bilər?"

"Nardaran işi": "Kim gedib polisin əlindən zorla adam ala bilər?"
3 İyul 2017
Mətni dəyiş
Nardaran Ağsaqqallar Şurasının sədri, bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə şərti cəza alan Natiq Kərimov iyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
O, 2015-ci ilin noyabrında Nardaran hadisələrindən sonra həbs olunan və hazırda mühakiməsi davam edən 12 nəfərlik üçüncü qrupun məhkəməsində şahid qismində ifadə verib.
O bildirib ki, Müsəlman Birliyi Hərəkatının və Nardaran hadisələrindən sonra həbs olunan şəxslərin terror planlaşdırmaları haqda ittihamlarla razı deyil. Məşədi Natiq bu ittihamları “absurd” adlandırıb.
Natiq Kərimov 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsindən sonra Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentdən də danışıb. Deyib ki, o vaxt da, indi də polislə qarşıdurmanın əleyhinə olub: "Polis haqlı və ya haqsız, kimisə saxlayıbsa, bunu ancaq danışıqla aydınlaşdırmaq olar. Mən o vaxt da demişdim ki, polisə müqavimət göstərmək, onunla qarşıdurmaya getmək qətiyyən olmaz. Kim gedib polisin əlindən zorla adam ala bilər? O vaxt təxribat elədilər..."
Məşədi Natiq Müsəlman Birliyi Hərəkatının "qanunsuz, terror təşkilatı" adlandırılması fikri ilə razılaşmır: "Hərəkatın fəaliyyəti ilə bağlı hər hansı qanunsuz hərəkət görməmişəm".
“QORXUDAN ONLAR DEYƏN KİMİ ELƏDİM”
Məhkəmədə bir neçə başqa şahid - Nicat Hüseynov, Samir Hüseynov, Zamin Məlikov da dindirilib. Onlar istintaqdakı ifadələrini təsdiqləməyiblər. Bildiriblər ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiq altında ifadə veriblər. Həmin ifadələrlə Müsəlman Birliyi Hərəkatı və qurumun sədri olan ilahiyyatçı Taleh Bağırovun əleyhinə fikirlər yer alıb.
Şahid Nicat Hüseynov deyir ki, 2015-ci il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısından keçərkən bir qrup şəxsin orada toplaşdığını görüb və maraq üçün dayanıb onlara baxıb. Bundan beş dəqiqə sonra polis əməkdaşları onu saxlayaraq idarəyə apararaq döyüblər. Bir neçə gündən sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq Nardaran hadisələri barədə yazılmış ifadəni təzyiq altında imzalatdırıblar: "Qorxudan onlar deyən kimi elədim, yazdıqları ifadəni imzaladım".
Təqsirləndirilən şəxslərdən Mehman Məmmədov bildirib ki, il yarımdan çoxdur heç bir günahları olmadığı halda, həbsdədirlər: "Biz deyirik ittiham əsassızdır. Şahidlər də gəlib bizim dediklərimizi təsdiq edir".
Təqsirləndirilən şəxslər həmçinin 40 dərəcədə istidə heç bir havalandırma sistemi olmayan maşınlarda məhkəməyə aparılıb-gətirilmələrinə etiraz ediblər.
Məhkəmə iyulun 7-də davam edəcək.
XATIRLATMA
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.
Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun