Nardaran işi: "Burda çox lotuları sındırmışam, hətta Lotu Bəxtiyarı da"

Nardaran işi: "Burda çox lotuları sındırmışam, hətta Lotu Bəxtiyarı da"
2 İyul 2017
Mətni dəyiş
İlahiyyatçı Elçin Qasımov: “Bu adam 8 saat məni arxadan əliqandallı vəziyyətdə saxladı, qandal ətimi kəsib, sümüyə çatmışdı”
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunanlara DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) ən çox işgəncə verən bir neçə nəfər arasında Şahlar Cəfərovun adı xüsusi ilə çəkilir. O, Taleh Bağırzadəgilin məhkəməsində dindiriləndə ciddi qalmaqal yaranmışdı. Şahlar Cəfərov indi də Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov və Nardaran işi üzrə həbs olunan daha 11 nəfərin məhkəməsində dindirilib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baxılır.
Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.
“Cəmiyyətin savadsızlığı hakimiyyətə sərf eləyir”
Dünənki məhkəmədə əvvəlcə şahid qismində Nardaran sakini Bəxtiyar Aşurov ifadə verib. O bildirib ki, Taleh Bağırzadəni tanımır, məscidlərə getmir, namaz əhli deyil. Ümumiyyətlə, bu iş üzrə istintaqa nəyə görə çağrıldığını da bilmir.
Şahid deyir ki, onu küçədən tutub “bandotdel”ə aparıblar, ifadə alıblar. Yazıb-oxumağı bilmədiyini deyən Bəxtiyar Aşurov istintaqda onun adından yazılan ifadəni oxumadığını və bu şəkildə imzaladığını bildirib. Bəxtiyar Aşurov qeyd edib ki, orta məktəbdə birinci sinifdə təhsil alıb, sonradan təhsilini davam etdirə bilməyib.
Bu zaman təqsirləndirilən Elçin Qasımov deyib ki,cəmiyyətin savadsızlığı hakimiyyətdə olanlara sərf edir. Çünki bu vəziyyətdə insanları idarə eləmək daha asan olur. Məsələn, insanların savadsızlığından istifadə edib, onların əleyhinə ifadələrə imza atdırırlar:
“Bizim nə sözümüz olubsa, burda da, azadlıqda olanda da birbaşa hakimiyyətin üzünə demişik. Bizə də kiminsə sözü varsa, gəlib birbaşa üzümüzə desin. İnsanların adından yalan ifadə yazmasınlar”.
Digər şahid Mirkərim Əliyev bildirib ki, Elçin Qasımovun xütbələrində iştirak edib: “Elçin Qasımov xütbələrində İmam Hüseyndən, onun əxlaqından, mənəvi aləmindən, insanlara xeyrindən danışırdı. Onun xütbələrində heç bir qanunsuzluqlar, hakimiyyətə qarşı çıxışlar olmayıb”.
İstintaqa çağrılan zaman həyəcanlı olduğunu deyən Mirkərim Əliyev də ifadəni oxumadan imzaladığını bildirib. Məhkəmədə də həmin ifadədə yazılanları təsdiqləmədiyini qeyd edib.
“Bunlar qumbaranı otağa özləri qoyub, özləri də götürdülər”
Daha sonra “bandotdel”in baş əməliyyat müvəkkili, adı tez-tez işgəncələrdə hallanan Şahlar Cəfərov dindirilib. O, təqsirləndirilən şəxslərdən Fərhad Muradovun evində keçirilən əməliyyat-axtatış tədbirində iştirak etdiyini bildirib.
Cəfərov iddia edib ki, Fərhad Muradovun yataq otağından partlayıcı maddələr və qumbara aşkar edilib. Onun sözlərinə görə, evə 2 əməliyyatçı və 2 hal şahidi ilə birlikdə gediblər. Fərhad Muradov özü evdə baxış keçirməyə razılıq ərizəsi yazıb və gizlətdiyi partlayıcı maddələri yataq otağında şkafın üstündən çıxararaq, onlara verib. Həmçinin üzərində olan “Tale Bağırzadənin müraciəti” adlı 6 kitabçanı təqdim edib.
Amma Fərhad Muradov Şahlar Cəfərovun yalan danışdığını bildirib:
“Yalan deyir, bunlar 5 nəfər deyildilər, 6-7 maşın gəlmişdilər. Bütün məhəllə gördü. Onlar gələndə mən yatmışdım, xəstə idim. Məni yuxudan oyatdılar, gördüm ki, başımın üstündə xeyli polis var. Məni yatağımdan qaldırıb, zala gətirdilər. Yataq otağında 1 polis qaldı. Qapını da arxadan bağladılar. İçəridə neylədilər, bilmirəm. Elə şkafın üstünə özləri qoyub, özləri də götürdülər. Kitabçalar da elə həmin bükülünün içərisində idi.
Sonra götürüb stolun üstünə düzdülər. Mənim də yataq otağında şəkilimi çəkdilər. Digər otaqlara baxmadılar. Sonra “Bandotdel”ə apardılar. Evdə baxış keçirilməsinə razılıq ərizəsini də idarədə yazdırdılar. Dedilər ki, burada yazılanları əlinlə yaz. Dedim ki, bu yalandır, yaza bilmərəm. Dedilər ki, “yalan danışmırsan ki, yazırsan”.
Düzü, Şahlar Cəfərov idarədə məni döyməyib, amma o, gedəndən sonra başqa əməkdaşlar gəldi, təzyiqlər, hədə-qorxu ilə onların dediyini yazmağı tələb etdilər. Mən də xəstə, çıxılmaz vəziyyətdə ifadələrə imza atdım”.
“Dedi ki, mən burada, hətta Lotu Bəxtiyarı da sındırmışam”
Şahlar Cəfərov dindirilərkən Elçin Qasımov onun iştirakı ilə məruz qaldığı dəhşətli işgəncələrdən danışıb:
“Bu adam 8 saat məni arxadan əliqandallı vəziyyətdə saxlayıb, qandal ətimi kəsib, sümüyə çatmışdı. Mən Kərim Əlimərdanovun otağına girəndə arxadan təpiklə vurub yıxdı ki, ayaqüstə dayanmamalıyam, dizüstə çökməliyəm. İdarədə zirzəmidə Ramil Əliyev, Seyfəddin Şirvanovla birlikdə saxlanılırdım. Ramil Əliyevi yuxarı aparıb bir neçə saatdan sonra geri qaytardılar.
Onu elə vəziyyətə salmışdılar ki, namaz qılmağa halı qalmamışdı, ayaq üstə dura bilmirdi. Kərim Əlimərdanovun əlində tikanlı dubinka var idi. Onunla başıma vururdu. Düzdür, lap möhkəm vurmurdu, amma başım parçalanmışdı. Kərim mənə dedi ki, mən burda çox adamı, mənəm-mənəm deyən lotuları sındırmışam, hətta Lotu Bəxtiyarı da sındırmışam”.
Xalq Cəbhəsinin qurultayında olan 6 dəqiqəlik çıxışımı kompüterdə qoyub, çıxışıma qulaq asa-asa məni döyürdülər”. Təqsirləndirilən Ramil Əliyev də bildirib ki, ona işgəncə verənlərdən biri şəxsən Şahlar Cəfərov olub:
“O, Kərim Əlimərdanovun otağında mənə işgəncə verirdi. Kərim deyirdi, “yaz ki, silahı sənə Tale Bağırzadə verib”.
Şahlar böyrümə yumruq vuraraq deyirdi ki, bizim dediyimizi yazmasan, şəxsiyyəti alçaldan işgəncələr verəcəyik”.
Şahlar Cəfərov təqsirləndirilən şəxslərin dediklərinə istehzalı gülüşlə reaksiya verib. Təqsirləndirilən Nahid Qəhrəmanov ona iradını bildirərək, MTN generalı Elçin Qasımovun aqibətini xatırladıb:
“MTN məni hicab qadağasına etiraz zamanı tutanda, Antiterror Mərkəzinin rəisi Elçin Quliyev də mənimlə belə danışırdı. Sonra onu Kürdəxanıda gördüm. Soruşdum ki, necəsən? Cavab verə bilmədi. Sizin də aqibətiniz belə olacaq”.
“Nardaranda qadının yataq otağına girməzlər, bunlar o qədər şərəfsizli ki…”
Daha sonra BMCMİ-nin əməliyyat müvəkkili Ceyhun İmamverdiyev ifadə verib. O, Nahid Qəhrəmanovun, Alış Vüsalın və Ramil Əliyev barəsində keçirilən əməliyyat tədbirlərində iştirak etdiyini bildirib. Deyib ki, 2 dekar 2015-ci ildə Nahid Qəhrəmanın Nardaranda yaşadığı evdə qanunsuz olaraq silah saxlaması barədə əməliyyat məlumatı daxil olub:
“Nahidi küçədə gördük, ona yaxınlaşdıq, baxış keçirilməsi barədə qərarla tanış etdik, özü üzərində olan “Tale Bağırzadənin müraciəti” adlı kitabçanı təqdim etdi. Silahla bağlı soruşduqda, evə girdik, yataq otağında gizlətdiyi qumbara, alışdırıcını götürüb, idarəyə gedərək protokol tərtib etdik”.
Bu zaman Nahid Qəhrəmanov etiraz edərək bildirib ki, Nardaranda qadının yataq otağına girmirlər: “Bunlar o qədər şərəfsizdir ki, öz yoldaşlarını başqalarının yatağında görsələr, təəccüblənməzlər”.
Bu məqamda tərəflər arasında qarşılıqlı mübahisə yaranıb. “Bandotdel”in əməkdaşı Ceyhun İmamverdiyevə su butulkası atıblar. Növbəti məhkəmə iclası iyulun 7-nə təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun