İyulun 14-də yaralanan və Müdafiə Nazirliyinin Papanindəki Hərbi Hospitalına yerləşdirilən əsgər Nahid Soltanov həyatını itirib.
Bu barədə onun qardaşı Elçin Soltanov məlumat verib.
İyulun 22-də vəfat edən əsgərin cənazəsi yaşadığı Hacıqabul rayonunun Qızılburun kəndinə aparılıb.
Əsgərin hansı şəraitdə yaralandığına Müdafiə Nazirliyi aydınlıq gətirmir. Öncə ailəsinə onun Ağdamın Zəngişanlı kəndində snayperlə vurulması barədə məlumat verilib. Sonra başından güllə ilə vurulduğu bildirilib.
Elçin Soltanov Azadlıq Radiosuna deyib ki, qardaşı tək deyil, onunla birlikdə əsgər yoldaşını da hospitala gətiriblər: “Onu da sinəsindən güllə ilə yaralayıblar”.
Nahid Soltanov 13 aydır Ağdamdakı N saylı hərbi hissədə qulluq edirdi. O, ötən il Hacıqabul rayonundan hərbi xidmətə çağrılıb.
Hərbi hissədə manqa komandiri olub. Ailə üzvləri deyirlər ki, xidmətdə fərqlənməyə görə Fəxri Fərmanla da təltif olunub.
Olayla bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.